İcra başçısı xidmət rəhbərlərindən vətəndaş məmnunluğunu təmin etməyi tələb etdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda 2024-cü ilin yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib. Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 18 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.
Növbə ilə söz alan vətəndaşlar kanalizasiya xəttlərinin mövcud vəziyyəti, qəzalı evlərin taleyi, kirayə haqqının ödənişi, tikinti şirkəti tərəfindən özəl mülkün qanunsuz sökülməsi, rayon üzrə qeydiyyat, yaşlı sakinlər üçün iş, küçə işıqlandırılması, Vətən müharibəsi qazilərinin mənzil ilə təminatı və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına tapşırıqlar verdi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Qəbul zamanı icra başçısı Elşad Həsənov müxtəlif xidmət rəhbərlərindən öz sahələrində vətəndaş məmnunluğunu təmin etməyi və süründürməçiliyə yol verməməyi tələb etdi.
Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Prezident seçkilərində vətəndaşları fəal olmağa və səsvermə hüququndan istifadə etməyə çağırdı.