İcra başçısı Elşad Həsənov ərazidə sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Yasamal rayonunda sakinlər üçün 2024-cü ilin ilk səyyar qəbulunu keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşdü. Tədbirdə habelə Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin, MKTB-nin və xidmət sahələrinin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi. Bildirildi ki, 2023-cü il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 44 səyyar qəbul keçirilib və 560 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, vətəndaş məmnunluğunun təmin edilməsi hər bir dövlət məmurunun başlıca məqsədi olmalıdır.
Söz alan Yasamal rayon sakinləri ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların icra hakimiyyəti orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra sakinlər mənzillə təminat, məhəllədaxili ərazilərə asfalt vurulması, yaşayış binasında istilik sisteminin qurulması, dam örtüklərinin təzələnməsi, evlərin təmiri, qazilərin sosial müraciətləri, kanalizasiya xəttlərinin mövcud vəziyyəti və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.