“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib
Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 53 saylı tam orta məktəbdə “ Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov, Bakı şəhəri Narkoloji Mərkəzin sosioloqu Fidan Ataxanlı, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları, 53 saylı məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və digər qonaqlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Təravət Muradova bildirdi ki, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təəccüblüdür ki, bu bəlaya ilk olaraq uşaqlar yoluxur. Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail oldular. Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq narkomafiya üçün əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dünyanın gələcəyi təhlükə qarşısında qalır.
Daha sonra çıxış edən polis polkovniki Cəmil Əmirov narkomaniyanın bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrildiyindən, narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yarandığından söz açdı. Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə mütəmadi olaraq məlumatlandırılması, Azərbaycanda narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə işinin səmərəliliyinin artırılması, bu sahədə maarifləndirmə istiqamətində gördüyü məqsədyönlü işlər şəxsi heyətin respublika Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşməsini bir daha təsdiqləyir.
Həkim-sosioloq Fidan Ataxanlı qeyd etdi ki, tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotik, ilk növbədə, narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zədələnməsinə, mərkəzi sinir sisteminin məhv olmasına gətirib çıxarır.
Məktəbin müəllimləri ən aktual, ağrılı problem olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı gənc nəsil arasında da maarifləndirmə və təbliğat işlərinin aparılmasının ölkəmizdə də ümumxalq hərəkatına çevrilməsindən söz açdılar.Bildirildi ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Sonda şagirdlər də fikir bildirdilər və onların sualları cavablandırıldı.