Yasamal rayon Heydər Əliyev Mərkəzində “31 mart Azərbaycanlıların Soyqırımı Günü” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində “31 mart Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, AMEA-nın Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri, Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər.
İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev giriş sözü ilə tədbiri açaraq tədbirin keçirilməsini zəruri edən səbəb və amillər barədə iştirakçılara məlumat verdi. Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
İbrahim Mehdiyev çıxış edərək əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarını , törətdikləri vəhşilikləri, Azərbaycan xalqının başına gətirilən müsibətləri vurğuladı. AMEA-nın Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliye öz çıxışı zamanı ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırım siyasətinin iki əsrdən çox tarixi olduğunu, millətimizin başına gətirilən müsibətlərin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyi və bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
31 mart soyqırımına həsr olunmuş sənədli filmin nümayişindən sonra Bakı Biznes Universitetinin rektoru İbad Abbasov və 158 saylı tam orta məktəbin direktoru Zemfira Səmədova soyqırıma həsr olunan tədbirlərin əhəmiyyəti və yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində, onların vətənpərvərlik ruhunda böyüməsində böyük rolu barədə mülahizələrini bölüşdülər.