Yasamal rayonunda Novruz bayramı qeyd edilmişdir.
Yasamal istirahət parkında Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdilər.
Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxşları, milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, xalçaçılıq sənətinə aid dəzgahlarda əyani şəkildə xalça toxuması, xoruz döyüşü, kosa və keçəlin məzhəkələri xüsusi rəğbətlə qarşılandı.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və rayon Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq təqdim edilən konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı. Konsert proqramında yeniyetmə və gənc istedadlarla bərabər respublikanın fəxri adlarına layiq görülmüş bir sıra tanınmış sənətçilər də çıxış etdilər.
Bayram şənliyi iştirakçıları üçün təşkil edilmiş pulsuz ictimai iaşə xidməti tədbirin cazibədarlığını daha da artırdı.