Heydər Əliyev Mərkəzində “Gənclər Günü”nə həsr olunmuş dəyirmi masa
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gənclər Günü”nə həsr olunmuş “Dövlət Gənclər Siyasəti: Nəaliyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu, İctimai təşkilatların, QHT-lərin nümayəndələri, Yasamal rayon orta ümumtəhsil məktəblərinin UBTR-ləri və şagirdləri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açıq elan edərək,1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin əldə olunmasında müstəsna rol oynamış , xalq hərəkatının önündə gedərək azadlıq və müstəqillik ideyalarının daşıyıcıları olmuş, Vətənin müdafiəsi, torpaqlarımızın qorunması uğrunda yüzlərlə şəhid vermiş gənclərimizin diqqətdən kənar qaldıqlarını və onlarla yeni məzmunda iş aparılmasının, dövlət siyasətinin həyata keçirilməsinin olduqca vacib olduğunu vurğuladı.
1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev “Dövlət gəncləri siyasəti haqqında” fərman imzalamışdır.2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda gənclər siyasətinin məqsəd və prinsipləri, onun həyata keçirilməsində dövlətin vəzifələri, bu siyasətin əsas istiqamətləri, həyata keçirilməsinin təşkilati, maddi və maliyyə təminatı və digər məsələlər konkret əksini tapıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin, onlara qayğı və diqqətin müntəzəm artırılmasının həyatımızın bütün sahələrində özünü göstərdiyini və gənclərimizində öz növbəsində ölkə başçımızın onlara olan etimadını doğrultmalı olduqlarını bildirdilər.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycan gəncləri sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir”. İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək, daha işıqlı gələcəyə aparacaq.
Daha sonra rayonun fəal gəncləri Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.
Sonda “Gənclər Günü”nə həsr olunmuş “Fəal gənclik” adlı film nümayiş olundu.