Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinə həsr olunmuş “Tarixin qan yaddaşı” başlığı altında tədbir

16 yanvar 2015 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinə həsr olunmuş “Tarixin qan yaddaşı” başlığı altında tədbir keçirildi.

20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Zəka və Ülviyyət Maarifləndirmə” İctimai Birliyinin sədri Elmira Ağayeva, tarixçi Nazim Tapdıqoğlu, psixoloq Səid Nurtəbrizi, Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi, 20 yanvar hadisələrinin canlı şahidləri, hadisə qurbanlarının yaxınları və ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Ermənistanın Azərbaycana təcavüzü zamanı zorakılığa məruz qalmış soydaşlarımız,media nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Çıxışlar zamanı “25 il öncə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu. Günahsız insanların qətli ilə nəticələnən olay Qorbaçov başda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı bağışlanılmaz cinayətidir.

1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımızın azadlıq və müstəqillik qazanmasına yol açdılar” fikirləri səsləndirildi.

Tədbir 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya və sənədli filmin nümayişi ilə yekunlaşdı.

Keçidlər