“Narkomaniya ilə mübarizə hər birimizin borcudur” mövzusunda seminar keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə hər birimizin borcudur” mövzusunda seminar keçirildi.
Seminarda Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yasamal rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Səməd İslamov,Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Pərviz Bağırov, Gənclər və İdman Nazirliyi, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev və Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Lyudmila Cəfərova iştirak etdilər.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini yad etdilər. Daha sonra Mərkəzin “Muzey” bölməsi ilə tanışlıq oldu.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yasamal rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Səməd İslamov seminarı açıq elan etdi.
E.Əlizadə və V.Quliyev öz çıxışları zamanı bildirdilər ki, narkotikin aludəçisi olanlarla aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndiyini, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktının mövcud olduğu fikrlərini vurğuladılar.
Daha sonra Bakı Şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Lyudmila Cəfərova qeyd etdi ki Azərbaycanda vəziyyət tamam başqadır. Narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onların daha da sıxışdırılması üzündən problemin getdikcə artması ilə nəticələnir.
Narkotikdən istifadə edən insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək lazımdır.
Seminarın sonunda Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yasamal rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Səməd İslamov cəmiyyətdə bir problemin digərini yaratdığını, psixoloji problemləri olan insanın narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmədiyini və düşünülməmiş atılan hər bir addımın insanlara heç də hər zaman xoş nəticələr vəd etmədiyini qeyd etdi.
Tədbir iştirakçılarının sualları Narkomanlığa və Narkotik Vasitərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və digər aidiyyəti qurumlarının nümayəndələri tərəfindən cavablandırıldı.
Seminarın sonunda “Narkomaniyaya yox deyək” adlı sənədli film nümayiş olundu.