Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi

27 oktyabr 2014 | 11:00

Yasamal rayonunun 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirildi. Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev keçirilən hesabat yığıncağının  məramı haqqında məlumat verərək bildirdi ki, oktyabrın 8-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmiş və iclasda ilin doqquz ayı ərzində ölkəmizin inkişafı istiqamətində qazandığı uğurlar müzakirə edilmişdir.

İ.Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Respublikada müşahidə olunan dinamik  inkişafda Yasamal rayonunun da xüsusi payının olduğunu və bu inkişafın rayonun sosial-iqtisadi həyatına müsbət təsir göstərdiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, 2014-cü ilin 9 ayı ərzində rayonumuzda sənaye məhsulunun ümumi həcmi 57 milyon 604 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 109 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 366 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 477 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 149,7  və 130 faiz təşkil edir. 2014-cü ilin doqquz ayı ərzində rayonda 2983 yeni iş yeri açılmışdır ki, onlardan 562-si yaradılmış müəssisə və təşkilatlarda, 232-si mövcud və bərpa olunmuş müəssisələrdə, 2189-u isə fiziki şəxslərdən ibarət olmuşdur.

Məruzə zamanı, həmçinin,  Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”na əsasən Yasamal rayonu üzrə 17 tədbirin icrasının nəzərdə tutulduğu, artıq onlardan 8-nin icrasına başlanıldığı vurğulandı. Hesabat dövründə rayon ərazisində irihəcmli abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin həyata keçirildiyi, bu dövr ərzində 3 yaşayış binasının fasadında yenidənqurma və bərpa işlərinin başa çatdırıldığı, 9 yaşayış binasında isə bu işlərin davam etdirildiyi xüsusi qeyd olundu.

Bildirildi ki, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərə və torpaq zəbtinə, qeyri-qanuni küçə ticarətinə qarşı daim mübarizə aparılır. Yalnız bu ilin avqust ayında “Qanlı Göl”ün cənub hissəsində 22 ünvanda qanunsuz inşa edilmiş fərdi yaşayış evləri və evə artırmalar, həmçinin, 26 ünvanda zəbt olunmuş torpaq sahələri ətrafına hörülmüş daşdan və metaldan çəpərlər sökülmüşdür. Ümumiyyətlə, hesabat dövründə 62 ünvanda qanunsuz tikililərin qarşısı alınmışdır. Hal-hazırda “Qanlı Göl”ün cənub sahilində məskunlaşmış məcburi köçkün ailələrinin köçürülmə prosesinə başlanmışdır. Artıq onların  əksəriyyəti köçürülmüşdür.

Məruzəçi öz çıxışı zamanı 2015-ci ildə Bakı şəhərində Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonumuzda həyata keçirilən irihəcmli abadlıq, yaşıllaşdırma və yenidənqurma tədbirlərindən söz açdı.

Bu ilin əvvəlindən Bakı şəhərinin Baş Planına uyğun olaraq Azərbaycan prospekti ilə N.Nərimanov prospekti arasındakı ərazidə bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi kimi qlobal bir problemin həlli istiqamətində görülmüş irimiqyaslı işlər haqqında məlumat verildi. Bu günədək 3422-dən çox ünvanda ölçü işlərinin aparıldığı, 2265-dən artıq ünvanda yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma protokolu imzalandığı, onlardan 2113 nəfərlə alqı-satqı əməliyyatı olunaraq müqavilə üzrə vəsaitlərin köçürüldüyü, boşaldılmış 1713 ünvanda söküntü işlərinin aparıldığı qeyd olundu. Bundan başqa, artıq rayonumuzda daha bir köçürmə  prosesinin-qəzalı vəziyyətdə olduğuna görə İncəsənət Gimnaziyasının binasının sökülməsi işinin başa çatdığı vurğulandı.

Sadalanan bu irihəcmli işlərdən başqa Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və tövsiyyəsi ilə Yasamal rayonu ərazisində, Şərifzadə küçəsi 146A, 148, 150, 154 və 156 saylı yaşayış binalarının həyətində tikintisi başa çatan körpələr evi-uşaq bağçasının 2014-cü il oktaybrın 3-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılış mərasimi baş tutmuş və Yasamal rayon İcra Hakimiyyətinin daha bir son dərəcə əhəmiyyətli və uğurlu bir işinin yekunlaşdığı bildirildi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Yeni Yasamal yaşayış massivində idman kompleksinin inşası davam etdirilir. 153 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Məktəbin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il də rayonumuzda açılış mərasimlərində iştirak etmişdir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın yeni binasının, may ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının yeni binasının və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının açılış mərasimlərində iştirak etmişdir.

İ.Mehdiyev hesabat məruzəsinin sonunda qarşıda duran başlıca vəzifələrdən birinin də bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinin görülməsi və bu seçkilərin mütəşəkkil keçirilməli olduğunu xüsusi olaraq yığıncaq iştirakçılarının diqqətinə çatdırdı və qarşıda duran digər məsələlərlə yanaşı bu vəzifənin də öhdəsindən layiqincə gəlinəcəyi istiqamətində əminlik vurğulandı.

Məruzə ətrafında çıxış edənlər cari ilin 9 ayı ərzində rayonda görülən işləri yüksək qiymətləndirdilər.

İclasın sonunda Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Şura müvafiq qərar qəbul etdi.

Keçidlər