Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümü qeyd olundu

24 oktyabr 2014 | 10:00

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümü ilə bağlı ənənəvi növbəti yığıncaq AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ədibin abidəsi önündə keçirildi.

Bakı şəhəri Yasamal İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov tədbiri giriş sözü ilə açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verərək bildirdi ki,  sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, Şeyx Kəbir, Xumar, İblis, Arif, Azər, Əmir Teymur, Xəyyam, Sevda, Əfrasiyab, Səyavuş, Firəngiz, Südabə, Afət, Özdəmir və onlarla başqaları bənzərsizliyi və təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanmışdır. Bu obrazların həyatda apardıqları mübarizə dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradır. Hüseyn Cavid sənəti fikir və duyğular, obraz və xarakterlər, zaman və məkan məhdudiyyəti ilə sərhədlənmir, onun yaradıcılığı sonsuzluq və müxtəliflik mücəssəməsidir.

Daha sonra akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin keşməkeşli həyat yolu, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı.

Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Gülbəniz Babaxanlı bildirib ki, Hüseyn Cavidin yaradıcılığı, onun zəngin irsi təkcə ölkəmizdə yox beynəlxalq səviyyədə tədqiq və təbliğ olunur.  Bu il Hüseyn Cavidin Ev Muzeyinin təşəbbüsü ilə ingilis dilinə tərcümə edilmiş “Şeyda” və “Topal Teymur” əsəri ABŞ-ın Çikaqo Universitetində tədris olunacaq.

Tanınmış cavidşünas alim Kamran Əliyev, xalq şairi Nəriman Həsənzadə, İstanbul Azərbaycan Kültür Evinin rəhbəri, şair Hikmet Elp, H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov, Hüseyn Cavid ədəbi məclisinin rəhbəri, Kamalləddin Qədim çıxış edərək H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdilər.

Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.

Keçidlər