Yasamal rayonunda dini icmaların ictimaiyyət nümayəndələri ilə görüşü
Yasamal rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə rayonda fəaliyyət göstərən dini icmaların ictimaiyyət nümayəndələri ilə görüşü keçirildi.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Tədbiri Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən görüşün əhəmiyyətini xüsusi vurğuladı, rayon ərazisində fəaliyyət göstərən məscid və kilsələr haqqında geniş məlumat verdi, rayonda mövcud olan dini durumu toplantı iştirakçılarının diqqətinə çatdırdı.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov məruzə ilə çıxış edərək Yasamal rayonundakı dini icmalar, onların fəaliyyəti haqqında geniş məlumat verdi. DQİDK-nın müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı olaraq daim yerlərdəki dini sahədəki prosesləri nəzarətdə saxladığını qeyd etdi.
“İlahiyyat” məscidinin imamı, qazi Ceyhun Rüstəmov və “Hacı Sultanəli” məscidinin axundu Məhərrəm Qəniyev öz çıxışları zamanı dini dəyərlərimizə dövlətimiz tərəfindən göstərilən qayğının təqdirəlayiq hal olduğunu və vətəndaşların dini ayinləri sərbəst icra etmələri üçün məscidlərdə hər cür şəraitin yaradıldığını vurğuladılar.
DQİDK-in sədri Mübariz Qurbanlı çıxışı zamanı Azərbaycan vətəndaşları arasında islam dini ilə eyni zamanda digər dinlərin nümayəndələrinin də mövcud olduğunu, əsrlərdən bəri Azərbaycanda bu icmalara dözümlü münasibətin hökm sürdüyünü, məscidlərlə yanaşı kilsə, sinaqoqların olmasının ölkəmizdəki tolerant mühitə əyani sübut olduğunu, bu gün isə Azərbaycan Respublikasında din – dövlət münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ hüquqi aktlara əsasən tənzimləndiyini, Azərbaycanda bütün dini azadlıqların təmin olunduğu, dövlətimizin də hər zaman tolerantlığın və bütün dini cərəyanlar arasında mövcud olan mədəni münasibətlərin müdafiəsində dayandığı toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir iştirakçıları DQİDK-ın sədri Mübariz Qurbanlıya onları maraqlandıran suallarla müraciət etdilər, bu suallar ətraflı şəkildə cavablandırıldıqdan sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev yekun sözü ilə çıxış edərək tədbiri bağlı elan etdi.