Şriftin ölçüsü :

Saytın rəngi :

21 sentyabr-“Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir

10 sentyabr 2014 | 10:00

“Sülh aylığı” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində 21 sentyabr - “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal rayon Müharibə və Əmək Veteranları Şurasının sədr müavini,  Böyük Vətən Müharibəsi iştirakçıları, Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, Veteran Qadınlar Cəmiyyətinin sədri, “N” saylı hərbi hissənin əsgər və zabit heyyəti, bir sıra digər ictimai birliklərin rəhbərləri iştirak edirdi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər   Əliyevin büstünü ziyarət edərək ulu öndərin həyat və siyasi fəaliyyəti ilə bağlı ekspozisiyalarla tanış oldular.

Mərkəzin direktor əvəzi Cəmilə Məlikova tədbiri açaraq qonaqları salamladı, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi  və bu aylıq çərçivəsində müxtəlif marrifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxış edərək “Beynəlxalq Sülh Günü” ilə əlaqədar Yasamal rayon ərazisində dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif maarifləndirmə tədbirləri keçirildiyini və bu tədbirlərin keçirliməsində əsas məqsədin insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmaqdan ibarət olduğunu vurğuladı.

Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova çıxışı zamanı bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülhün xüsusi əhəmiyyət kəsb etdiyini və tez bir zamanda bu problemin kökündən həll olunmalı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Yasamal rayon Müharibə və Əmək Veteranları Şurasının sədr müavini Bəkir Məmmədov, “N” saylı hərbi hissəsinin mayoru Elxan Nəsirov çıxışları zamanı sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər.

Keçidlər