Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun 2014-cü ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas

19 iyul 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqindən irəli gələn vəzifələr Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağında geniş müzakirə edilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqindən irəli gələn vəzifələrdən danışmış, qazanılan uğurlardan söhbət açmışdır. Natiq Yasamal rayonunun sosial-iqtisadi həyatının ümumi mənzərəsini təsvir etmiş və demişdir: —Respublika iqtisadiyyatının dinamik inkişafı rayonumuzun da sosial-iqtisadi həyatında özünü göstərməkdədir. 2014-cü ilin 6 ayı ərzində rayonumuzda sənaye məhsulunun ümumi həcmi 30 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 718 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 233 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 358 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 və 100,8 faiz təşkil edir.

Əsas kapitala yönəldilən investisiyalar 448 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 499 milyon manat olmuşdur ki, bu, keçən ilin müvafıq dövrü ilə müqayisədə 100,8 və 100,2 faiz deməkdir.

Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 12,6 faiz artaraq 600 manata çatmışdır ki, bu rəqəm respublika üzrə göstəricidən də yüksəkdir. Rayonda 2022 yeni iş yeri açılmışdır. Onlardan 245-i yeni yaradılmış müəssisələrdə, 128-i mövcud və bərpa olunmuş müəssisələrdə, 1 649-u isə fiziki şəxslərdən ibarət olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbə-lərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur ki, artıq onlardan 8-nin icrasına başlanılıb.

Hesabat dövründə rayon ərazisində irihəcmli abadlıq-quruculuq və yaşıllaşdırma  işləri  həyata  keçirilib.  Bu dövrdə 3  yaşayış binasının fasadında yenidənqurma və bərpa işləri başa çatdırılmışdır, 9 yaşayış binasında isə bu işlər davam etdirilməkdədir.

Bildiyiniz kimi, 2013-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərsu” ASC-nin Yasamal rayonunda yerləşən mərkəzi laboratoriyasının yeni inzibati binasının açılış mərasimində iştirak etmiş, “110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olaraq göstərişlərini vermişdir.

Hazırda sahəsi 10 hektar olan və Dənizkənarı Milli Parkdan sonra ərazisinin böyüklüyünə görə 2-ci olan parkın salınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşıllıqların qorunması və artırılmasının daim diqqət mərkəzində saxlanılması barədə tapşırıqlarının yerinə yetirilməsi istiqamətində rayonumuzda xeyli iş görülmüşdür.

2015-ci ildə Bakı şəhərində Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonumuzda da irihəcmli tədbirlər həyata keçirilir. Əsas hərəkət marşrutuna daxil olduğu üçün H.Zərdabi küçəsi, Mətbuat və Tbilisi prospektlərində yaşıllaşdırma və abadlıq işləri aparılır. Bu küçə və prospektlərdə 1400 poqonmetr bordür qoyulmuş, 3400 kv.m qazon salınmış, 2500 poqonmetr su xətti çəkilmiş, işıqlandırma sistemi yenidən qurulmuş, 1600 kv.m sahədə abadlıq işləri görülmüşdür.

Mənzil fondunun qorunub saxlanılması sahəsində işlər bu il də davam etdirilərək 35 yaşayış binasının 9500 kv.m müxtəlif materiallardan olan dam örtüyü təmir edilmişdir. 15 yaşayış binasında 1250 poqonmetr aşağı paylayıcı istilik xətləri dəyişdirilmişdir.

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayon icra hakimiyyəti tərəfindən nümunəvi məhəllələrin yaradılması bu il də davam etdirilib.  Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 2 nümunəvi məhəllə yaradılaraq sakinlərin istifadəsinə verilib.

H.Zərdabi küçəsi, 87, Mətbuat prospekti, 24 və 24 A saylı yaşayış binalarının ərazisində 7800 kv.m asfalt örtüyü salınmış, 1520 poqonmetr bordür düzülmüş, yaşıllıq zolaqlarının salınması üçün 600 kub torpaq gətirilmiş, 490 kub torpaq işləri görülmüş, 300 kv.m divar aqlay daşı ilə işlənmiş, yaşayış binalarının 2100 kv.m fasadı rənglənmiş, 940 kv.m yaşıllıq sahəsi yaradılmış, 300 ədəd ağac əkilmişdir. Nümunəvi məhəllələrdə 8 ədəd günlük, 24 ədəd oturacaq, 6 ədəd yelləncək, 3 ədəd sürüşkən, 4 ədəd idman qurğusu yerləşdirilmişdir. Yerə 350 kv.m mozaik plitə döşənmiş, ərazi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Nümunəvi məhəllələrdə 490 və 450 kv.m-lik mini futbol stadionları inşa edilərək zəruri avadanlıqla təchiz edilmiş və sakinlərin istifadəsinə verilmişdir.

Ölkəmizin sürətli iqtisadi inkişafı uzun müddət həlli mümkün olmayan bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsinə də zəmin yaratdı. Artıq paytaxtımızın konseptual inkişafı, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, mənzil-məişət və sosial problemlərin həlli ilə əlaqədar on illərlə dondurulmuş məsələlərin çözülməsinə başlanılmışdır.

Bakı şəhərinin Baş Planına uyğun olaraq Azərbaycan prospekti ilə N.Nərimanov prospekti arasındakı ərazidə bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi kimi qlobal bir problemin həllinə başlanılmışdır. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2013-cü il tarixli 518 saylı sərəncamı ilə işçi komissiya yaradılmış, köçürülmə zonasının sərhədləri və mərhələləri müəyyən edilərək müvafiq tapşırıqlar verilmişdir.

Bugünədək 3300-dən çox ünvanda ölçü işləri aparılmışdır. 1500-dən artıq ünvan üzrə yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma protokolu imzalanmışdır. Onlardan 1208 nəfərlə alğı-satqı əməliyyatı olunaraq müqavilə üzrə vəsaitlər köçürülmüş, boşaldılmış 707 ünvanda söküntü işləri aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun istiliklə təchizat məsələsi 2014-cü   il   iyunun   15-də rayon  icra hakimiyyəti   başçısının yanında  Şuranın iclasında    müzakirəyə    çıxarılmış    və müvafiq  qərarlar qəbul edilmişdir. “Azəristiliktəchizat” ASC-nin 8 və 14 saylı istilik sistemləri və istismarı sahələri tərəfindən əhali və digər istehlakçıların istiliklə təchizatı sahəsində bir çox zəruri tədbirlər görülmüşdür. 15200 mənzilli 393 yaşayış binası, 13 məktəb, 13 uşaq bağçası, 13 səhiyyə müəssisəsi istiliklə fasiləsiz təmin edilir.  Azərbaycan prospekti 19, 29, 33, 35,  M.Müşfiq küçəsi   11/13  və   15/17 saylı  evləri  istiliklə təmin edən məhəllədaxili istilik xətti yenidən çəkilmişdir. H.Cavid prospekti 80, 87, 91, Yeni Yasamal yaşayış massivi 11, 12, 13, H.Zərdabi küçəsi 65, 68, M.Seyidov küçəsi 19, A.M.Şərifzadə küçəsi,  116, Parlament prospekti 4, A.Abbasov  küçəsi 7 və digər evlərin aşağı paylayıcı və məhəllədaxili istilik xətləri yenisi ilə əvəz olunmuşdur. 523-cü məhəllədən 518-ci məhəlləyədək 800 poqonmetr yeni magistral istilik xətti çəkilmişdir.  53 saylı orta məktəbin ibtidai siniflər korpusuna və 27-ci Polis Bölməsinin yeni inzibati binasına istilik xətti çəkilmiş, əvvəllər istilik olmayan 400-dək mənzil  istilik sisteminə qoşulmuşdur.

Cari ildə körpə və uşaqların məktəbəqədər müəssisələrdə mövcud olan sıxlığın aradan qaldırılması kimi aktual olan bir problemin həlli istiqamətində də işlərə başlanılmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tövsiyəsi ilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən A.M.Şərifzadə küçəsi, 146 A, 148, 150, 154 və 156 saylı yaşayış binalarının yaxınlığında körpələr evi-uşaq bağşasının tikintisinə başlanılmışdır.

Yarandığı gündən rayon ictimaiyyətinin, xüsusilə gənclərin mütəmadi üz tutduqları, artıq məbədgaha çevrilmiş Yasamal rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti, hesab edirəm ki, ayrıca qeyd olunmalıdır. Əvvəlki illərdə olduğu kimi, bu il də müxtəlif tarixi və əlamətdar günlərlə bağlı çoxsaylı tədbirlər keçirilib. Mən onlardan bir qismini vurğulamaq istəyirəm. Bu ildən başlayaraq nikaha daxil olan gənclərin, onların valideynlərinin arzu və istəkləri nəzərə alınaraq burada Ədliyyə Nazirliyinin Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah mərasimləri təşkil olunmağa başlanmışdır. Hesab edirəm ki, bu mərasimlər müasir gəncliyin ulu öndər Heydər Əliyev siyasi irsinə, ümummilli liderimizin tarixi xidmətlərinə verdiyi sonsuz dəyərin təzahürlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il də rayonumuzda açılış mərasimlərində iştirak etmişdir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın yeni binasının, may ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının yeni binasının və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının açılış mərasimlərində iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayonumuza hər bir gəlişi rayonumuzda həyata keçirilən irimiqyaslı quruculuq işlərinə yüksək qiymət verilməsi kimi qəbul edilərək bütün rayon ictimaiyyətinin fərəh və sevincinə səbəb olursa, bizim üzərimizə daha çox məsuliyyət yükü qoyur.

Yasamal Rayon İcra Hakimiyyəti əmin edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün tapşırıq və göstərişlərinin icrası rayonumuzda vaxtında və yüksək keyfiyyətlə təmin ediləcəkdir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Yasamal Rayon ƏSMM-nin müdiri Rofət Hüseynəliyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin Yasamal rayonunda uğurla həyata keçirilməsindən danışmışdılar.

Sonda Yasamal rayonunun 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağın qərar layihəsi oxundu.

Keçidlər