“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi
Yasamal rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov, BİTİ-nin şöbə rəisi Adıgözəl Adıgözəlov, Yasamal rayon Polis İdarəsinin rəis müavini Ələkbər Tağıyev, Yasamal rayon Qeydiyyatı Şöbəsinin rəisi İlahə Ələsgərova, Yasamal rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyanın məsul katibi Seymur Nağıyev, Yasamal rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloq-müəllimləri və məktəblilər iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular, ulu öndərin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.
Hikmət Eyvazov tədbirin gündəliyini elan etdikdən sonra “Yetkinlik yaşına çatmayanlar arasında narkomanlığın qarşısının alınması sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi çıxışı zamanı narkotiklərə meylli olan məktəblilər, onların valideynləri arasında profilaktika işinin geniş müzakirə mövzusu olduğunu, müşahidələrin və əldə edilən məlumatların çevik qaydada pedaqoji kollektivlərin rəhbərlərinə və müvafiq hüquq-mühafizə orqanlarına bildirilməsinin vacibliyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
İlahə Ələsgərova, Adıgözəl Adıgözəlov çıxışları zamanı erkən nigahlar, yetkinlik yaşına çatmayanlara qarşı ailədaxili məişət zorakılığı, erkən nigahlar nəticəsində qurulan ailələrdə nikahın pozulması halları, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər kimi problemlərin aradan qaldırılması istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verdilər.
Tədbirdə iştirak edən 9-11-ci sinif şagirdləri, orta ümumtəhsil məktəblərinin psixoloq-müəllimləri onları maraqlandıran suallarla mütəxəssislərə müraciət etdilər.
Sonda tədbir zamanı fəal diskussiyada iştirak edən məktəblilərə uşaq hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş jurnal və kitablar təqdim olundu.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən lentə alındı.