Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Yasamal rayon gənclərinin konfransı keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Yasamal rayon gənclərinin konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər və QHT-lərin üzvləri iştirak etmişlər. Konfransın təşkil edildiyi akt zalının foyesində rayon gəncləri arasında müxtəlif mövzularda təşkil edilmiş rəsm müsabiqələrinə təqdim olunmuş rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra konfransı açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını salamlamış və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə hər 3 ildən bir Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsinin qərara alındığını qeyd etmişdir. Konfransın gündəliyi təsdiq olunduqdan sonra İ.Səfərov «VI Forumdan keçən dövr ərzində gənclərlə iş sahəsində görülmüş işlər» mövzusunda hesabat məruzusi ilə çıxış etmişdir. Konfransda Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının İdarə Heyətinin üzvü Daşqın Qənbərov «İctimai – siyasi həyatda gənclərin rolu», Yasamal Bələdiyyəsinin üzvü Ramil Əliyev «Bələdiyyələrdə gənclərlə işin təşkili», Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gənclər Şurasının sədri Famin Salmanov «Azərbaycan elminin inkişafında gənc alimlərin yeri və rolu» mövzularında çıxışlar edilmişdir.
Çıxışlardan sonra Azərbaycan Gənclərinin VII Forumunda Yasamal rayonunu təmsil edəcək nümayəndə heyətinin tərkibi seçki yolu ilə müəyyən edilmişdir.
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz çıxışlarında konfransın işini yüksək qiymətləndirmiş, rayon gənclərinə gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulamışlar.
Konfransın sonunda qətnamə, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına konfrans iştirakçıları adından müraciət qəbul edilmişdir.