Qələbənin 69 illiyi münasibətilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoyulmuşdur
Faşizm üzərində qələbənin 69 illiyinin qeyd olunması Azərbaycan xalqı ücün həm tarixi, həm də mənəvi tərbiyəvi əhəmiyyət kəsb edir. 1941-1945-ci illər müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar bu gün erməni faşizminə qarşı mübarizə aparan Azərbaycan xalqı üçün böyüyən nəslin vətənpərvərlik tərbiyəsi işində xüsusi yer tutur.
Böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ulu Öndər veteranlara dövlət qayğısı göstərmək haqda 1994-cü ildə fərman imzalamışdır. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər”.
Ümummilli Lider həm də tövsiyə edirdi ki, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz insanlarımızdır. Onlara qayğı göstərmək bizim dövlətimizin və hər bir namuslu Azərbaycan vətəndaşının borcudur. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Bunu cənab İlham Əliyevin “1941-1945-ci illər müharibəsində Qələbənin 66 illiyinə hazırlıq və qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında 22 iyun 2009-cu il tarixdə imzaladığı sərəncamı, 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verdiyi fərman, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və bu sərəncamların icrası ilə bağlı respublikada görülən tədbirlər bir daha sübut edir.
Rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına müvafiq olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ali və orta ixtisas məktəblərində, orta məktəb və səhiyyə ocaqlarında Qələbənin 69 illiyinə yüksək səviyyədə hazırlıq işləri aparılmış, silsilə tədbirlər həyata keçirilmişdir.
Qələbənin 69 illiyi münasibətilə rayon ictimaiyyəti nümayəndələri və müharibə iştirakçıları ilə birlikdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoyulmuş, veteranlarla xatirə şəkilləri çəkilmişdir.
Dünya tarixinə qızıl hərflərlə yazılmış faşizm üzərində qələbə bizim ümumi nailiyyətimizdir.