“Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilaçılığı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, həkim-narkoloq, yazıçı Asif Kəngərli, “Ölümün bir addımlığında” filminin ssenari müəllifi Mirbəşir Seyidzadə, qeyri-hökümət təşkilatlarından, təhsil, səhiyyə müəssisələrindən nümayəndələr və gənclər iştirak edirdi.
Tədbiri Mərkəzin direktoru Naminə Ömərova açaraq yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Azərbaycan dövlətinin narkomaniyaya qarşı ciddi şəkildə mübarizə apardığını, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlər gördüyünü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxışı zamanı son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Yasamal rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyi vurğulandı.
Həkim-narkoloq Asif Kəngərli çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.
“Ölümün bir addımlığında” filminin ssenari müəllifi Mirbəşir Seyidzadə isə çıxışı zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladı.
Tədbir zamanı “Ölümün bir addımlığında” filmi nümayiş olundu. Mərkəzin foyesində təşkil olunmuş Yasamal rayon məktəblilərinin çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirildi. Tədbirdə iştirak edən gənclərə maarifləndirici buklet və broşurlar paylandı.