2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclas keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə nazirlər kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Yasamal Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağında ətraflı müzakirə olunmuşdur.
Yığıncağı giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev 2014-cü ilin ilk üç ayı ərzində görülən işlərdən danışmışdır. O, qeyd etmişdir ki, cari ilin birinci rübündə Yasamal rayonunda sənaye məhsulu istehsalının ümumi həcmi 52,8 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 368,5 milyon manat olmuşdur. Rabitə xərclərinin həcmi 58,6 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 122,3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 129,9 faiz və 100,8 faiz olmuşdur. Əsas kapitala yönəldilən investisiyalar 223,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 240,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 133,9 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100,5 faiz, 100,2 faiz, 89,2 faiz olmuşdur.
2014-cü ilin yanvar-mart aylarında rayonda 1089 yeni iş yeri açılmışdır. Abadlıq işləri çərçivəsində bu ilin may ayında ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibəti ilə başa çatdırılması nəzərdə tutulan Zərdabi küçəsi 81-87 və Talıblı küçəsi 40-42 saylı evlərin arasında yerləşən ərazidə eskiz layihəsi əsasında abadlıq işlərinə başlanılmışdır. Ərazidə söküntü və təmizlik işləri aparılmış, abad məhəllə yaradılması işləri yüksək səviyyədə davam etdirilir.
Eyni zamanda 540-cı məhəllədə, Ayna Sultanova küçəsi 1 və Mətbuat prospekti 22, 24, 24A saylı binaların əhatə etdiyi böyük bir məhəllədəYasamal bələdiyyəsi tərəfindən abadlaşdırma işləri aparılır ki, cari ilin may ayına qədər başa çatdırılacaqdır.
Daha sonra İ.Mehdiyev son vaxtlar rayon əhalisinin bir çoxunu narahat edən köçürülmə məsələsinə toxunmuşdur.
Bakı şəhərinin baş planının İcrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayon ərazisində Azərbaycan prospekti, N.Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Zərgərpalan küçələrinin əhatəsində yerləşən ərazidə bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə artıq başlanılmışdır.
“Sovetski” kimi adlanan ərazinin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı verilmiş, söküntü zonasının mərhələləri müəyyənləşdirilmişdir. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti başçısının 20.12.2013-cü il tarixli, 518 saylı sərəncamı ilə komissiya yaradılmış və müvafiq tapşırıqlar verilmişdir. Altı mərhələdən ibarət olan köçürülmə işlərinə cari ilin əvvəlindən başlanılmış və hazırda bu günə qədər keçən qısa müddətdə İcra hakimiyyəti tərəfindən böyük miqyaslı təşkilati işlər görülmüşdür. Ilk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılmışdır. Görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılmışdır. 3 mart tarixdə köçürülməyə məruz qalacaq ərazidə sakinlərlə görüş zamanı Dövlət Komissiyasının rəsmi mövqeyi və qoyulmuş suallara cavablar açıqlanmış, köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi şəraiti ilə aparılacağı bəyan edilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev daha sonra texniki xidmət sahələrinin fəaliyyəti, onların işinin yaxşılaşdırılması ilə bağlı fikirlərini bildirmişdir.
İ.Mehdiyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən Yasamal rayonundakı Heydər Əliyev mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin daha dərindən öyrənilməsinə xidmət edən dərslərin keçirilməsinin zəruriliyindən də danımışdır. Yığıncaqda çıxış edən rayon İcra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi memar Eyvaz Bağırov, 158 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Zemfira Səmədova, YAP Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Fikrət Ismayılov son vaxtlarda rayonda görülən uğurlu işlərdən danışdılar.
Sonra Yasamal rayonunun Heydər Əliyev mərkəzlərində ulu öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunan dərslərin təşkili vəziyyətinə dair Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyevanın hesabat məruzəsi dinlənildi.
Məruzə ətrafında Bakı Dövlət Universiteti Heydər Əliyev mərkəzinin rəhbəri Zəkiyyə Kərimova, Bakı Şəhəri üzrə Təhsil Idarəsinin baş məsləhətçisi Sabir Həmidov çıxış etdilər.
Sonda hesabat məruzələri ilə bağlı qərar layihəsi oxundu.