“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” başlığı altında tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP rayon Qadınlar Şurasının sədri, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, DİN-nin İctimai Baş Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Yasamal rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının professoru, Rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri, digər dövlət qurumlarının və ictimai birliklərin nümayəndələri, rayon gəncləri iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular, ulu öndərin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Mərkəzin direktoru Naminə Ömərova tədbiri açaraq Heydər Əliyev Mərkəzində istər ölkə, istərsə də beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda təşkil olunan tədbirlər və bu tədbirlərin gənc nəslin tərbiyəsində oynadığı mühüm roldan söz açdı.
Qucağı tərbiyə, inkişaf beşiyi kimi tanınan, hüquqları ilahi hüquqlar sırasında əks olunan Azərbaycan qadınlarına ən gözəl nümunə olan, mükəmməl ana və görkəmli elm xadimi Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar sənədli filmə baxış keçirildi.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əliyeva çıxış edərək müasir cəmiyyətimizin formalaşmasında və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında gənclərin xüsusi rolu olduğunu, gənclərin yaşlı nəslin davamçısı olmaqla yanaşı cəmiyyətin ən dinamik zümrəsi hesab edildiyini vurğuladı. Yaşlı nəslin gənclər üçün örnək olmaları, onları daima dəstəkləmələrinin vacibliyini qeyd etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova öz çıxışı zamanı cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailənin mühüm vasitə, fiziki və mənəvi baxımdan sağlam ailənin sağlam cəmiyyətin, güclü dövlətin özülü olduğu fikirlərini səsləndirdi. Tarixən ailənin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığını, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutunun özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxladığını qeyd etdi.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik –leytenantı Samir Qarayev, DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov çıxışları zamanı insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması istiqamətində son illərdə ölkəmizdə mövcud olan vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Məişət zorakılıqlarının qarşısının alınmasında 22 iyun 2010-cu ildə ölkə prezidenti tərəfindən imzalanmış "Məişət zorakılığının qarşısının alınması haqqında" qanununun əhəmiyyəti xususi vurğulandı.
Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının professoru Tahirə Əsgərova isə qan qohumluğu ilə bağlanan nigahlar və bu nigahların törətdiyi fəsadlar, digər irsi xəstəliklər haqqında məruzə ilə çıxış etdi.
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, YAP rayon Qadınlar Şurasının sədri Tamella Şahbazova, Rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova, Böyük Vətən Müharibəsi veteranı Həzi Məmmədov çıxışları zamanı Azərbaycan ailəsinin, Azərbaycan qadınının aliliyi, Azərbaycan qadınının ictimai-siyasi proseslərdəki fəal rolu haqqında danışdılar. Azərbaycanda qadının ilk növbədə ailə ocağının qoruyucusu olduğu, nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik kimi keyfiyyətlərin Azərbaycan qadınına məxsusluğu və bu keyfiyyətlərin gəncliyimizə ən bariz nümunəsinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın olduğu fikirləri səsləndirildi.