Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlyinin illik hesabat islası keçirilmişdir
21 saylı tam orta məktəbin iclas zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlyinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat islası keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İclasda Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cumar İsayev 2013-cü il ərzində gördülmüş işlər barəsində hesabat məruzəsi ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, bu qısa müddət ərzində Nümayəndəlik xeyli işlər görmüşdür.
Belə ki, çox məzilli binalarda və evlərdə ev təsərrüfatı və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işi aparılmış, ərazidə 62000 sakin, 17198 təsərrüfat olduğu faktı müəyyən edilmiş və bunlar 207 uçot kitabında qeydə alınmış, mənzil kommunal istismar sahələri və evlər idarələrinin xidməti əraziləri üzrə ünvanlar dislokasiyası hazırlanmış, bəzi məhəllələrdə asfalt örtüyü salınmış, abadlaşdırma işləri görülmüşdür. Sakinlərin sifarişini nəzərə alaraq binalarda dam örtükləri təmir olunmuş, su,kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülmüşdür.
C.İsayev qeyd etmişdir ki, Nümayəndəlik ərazisində fəaliyyət göstərən dövlət qurumları, habelə bələdiyyə, qeyri hökumət təşkilatları və digər təşkilatlarla fəaliyyət göstərərək əhalinin sosial problemlərini həll etmək üçün çalışmış, vətəndaşlar üçün qəbul günləri təyin edilmişdir. Bundan əlavə Nümayəndəliyin işçiləri ictimai sosial tədbirlərdə də iştirak etmişdir.
Dövlət Dili haqqında qanunun tələblərinə zidd olaraq idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin, şüşə divar reklamlarının xarici dillərdə yazılmasının aşkar edilməsi və qanun pozuntularının qarşısının alınması üçün Nümayəndəlik ərazisində müvafiq tədbirlər görülmüşdür.
Dövlət proqramı çərçivəsində Nümayəndəliyin ərazisində yerləşən 117 və 68 saylı məktəbəqədər uşaq müəssisələrində, 158 və 167 saylı tam orta məktəblərdə müvafiq əsaslı təmir və tikinti işləri aparılmışdır. 21 saylı tam orta məktəbdə şagird çoxluğunu nəzərə alaraq müdiriyyət tərəfindən rayon İcra Hakimiyyətinə edilən müraciətlər əsasında məktəbdə yeni tədris korpusu tikilib istifadəyə verilmişdir.
16 sentyabr 2013-cü il tarixində ərazimizdə yerləşən 158 və 21 saylı tam orta məktəblərdə əsaslı təmirdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gəlişi ilə bağlı hazırlıq işlərində rayon İcra Hakimiyyəti ilə birgə iştirak edilmişdir.
Ərazidə olan 13 və 19 saylı poliklinikalarda dövlət proqramına uyğun olaraq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Nümayəndəliyin inzibati ərazisində keçən ilin sonunda istifadəyə verilmiş “ASAN” Xidmət mərkəzinin açılışı ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin rayonumuza gəlişi rayon əhalisinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
C. İsayev bildirmişdir ki,qarşıda duran vəzifələrimiz Yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə əsasən Rayon İcra Hakimiyyəti Başçısının tapşırıqlarını yerinə yetirmək, vətəndaşların sosial əhəmiyyətli sifarişlərini öyrənərək rayon İcra Hakimiyyəti Başçısına təkliflər verməkdən ibarətdir. Nümayəndəliyin fəaliyyətini təsdiq edən iş planında nəzərdə tutulan bütün işləri təşkil etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini Rayon İcra Hakimiyyəti Başçısının müəyyən etdiyi formada əlaqələndirməkdir.
Yığıncaqda Yasamal rayon Ağsaqqallar Şurasının sədri, Şura üzvü akademik Kərim Kərimov, rayon sakinləri Ülviyyə Qurbanova, Əfruz Hüseynova, 21 saylı məktəbin direktoru Ceyhun Bayramlı çıxış edərək rayonda gedən abadlıq, quruculuq işlərində Nümayəndəliyin xüsusi rolunun olmasını vurğulayaraq gördükləri işlərin qənaətbəxş hesab etdiklərini qeyd etmişlər.
Daha sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyev çıxış edərək Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Yasamal rayonuna göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırilması üçünhəyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır. Sonda Nümayəndəliyin hesabat yığıncağının qərar layihəsi oxunmuşdur və iclas iştirakçıları Nümayəndəliyin 2013-cü il üçün illik hesabatını qənaətbəxş hesab etmişlər.