Rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir
Yasamal rayonundakı 308 saylı tam orta məktəbin iclas zalında rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayev açmış, Azərbaycan Prezidenti Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitq kontekstində Yasamal rayonunun ötən ildə əldə etdiyi uğurlardan, 2014-cü ildə görüləcək möhtəşəm işlərdən danışmışdır. Natiq Yasamal rayon zəhmətkeşlərinin hər birinin qayğıkeşi, dostu olan rayon icra hakimiyyətinin başçısı Ibrahim Mehdiyevin başçılıq etdiyi icra aparatının son illər Yasamal rayonunda gördüyü uğurlu işləri xüsusi olaraq vurğulamışdır.
Yığıncaqda Yasamal rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Coşqun Əliyev hesabat məruzəsi ilə çıxış etmiş və bildirmişdir ki, 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qısa müddət ərzində xeyli işlər görmüşdür. Ev təsərrüfatı kitabları dəqiqliklə öyrənilmiş, araşdırma aparılmış, 61 təsərrüfat kitabı yazılıb doldurulmuşdur. Nəticədə ərazidə 4547 ailə təsərrüfatının və 16.322 ailə təsərrüfat üzvlərinin olması faktı qeydə alınmışdır.
Nümayəndəlik ərazisində mənzil-kommunal istismar sahələri və evlər idarələrinin xidməti əraziləri üzrə ünvanlar dislokasiyası hazırlanmışdır.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının 272 nömrəli 12 iyul 2013-cü il tarixli Yasamal rayon ərazisində “Azərbaycan Respublikasında Dövlət dili haqqında qanun”un icrasının təmin olunmasına nəzarət məqsədilə xüsusi komissiyanın yaradılması haqqında sərəncama uyğun olaraq idarə və təşkilatlarda xidmət sahəsində reklam və elanlarda yalnız dövlət dili işlənməsini təmin etmək və bu sahədə mövcud olan özbaşınalıqların qarşısını almaq məqsədilə yaradılmış komissiyanın iş qrafiki ilə mövcud vəziyyət öyrənilmişdir. Dövlət dili haqqında qanunun tələblərinə zidd olaraq məişət, iaşə, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrin, şüşə divar reklamlarının xarici dillərdə yazılması halları aşkar edilmiş qanun pozuntularının qarşısının alınması üçün ciddi tədbirlər görülmüşdür. Daha sonra məruzəçi ərazidə görülən təmizlik və abadlıq işlərindən, qanunsuz tikililərin ləğv edilməsindən, ərazidə olan sakinlərə diqqət və qayğıdan söz açmışdır.
Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, rayon sakini yazıçı-publisist Əyyub Şuşalı son illər Yasamal rayonunda görülən əzəmətli quruculuq işlərindən danışmış, yeni idman kompleksinin, xəstəxanaların tikintisində, “ASAN Xidmət” mərkəzinin açılışında ölkə başçısı Ilham Əliyevin xüsusi diqqətini qeyd etmişlər.
Çıxış edənlər rayon İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü il üçün hesabatını qənaətbəxş hesab etmişlər. Sonda hesabat iclasının qərar layihəsi oxunmuşdur.