20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Qəhrəmanlıq salnaməmiz” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Qəhrəmanlıq salnaməmiz” adlı tədbir keçirildi.
Tədbirdə 20 yanvar hadisələrinin canlı şahidləri, hadisə qurbanlarının yaxınları və ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Ermənistanın Azərbaycana təcavüzü zamanı zorakılığa məruz qalmış soydaşlarımız, Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidov, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölməsini ziyarət edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş sözü ilə çıxış etdikdən sonra Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidov, polis əməkdaşı, birliyin Yasamal rayon şöbəsinin müdiri Yaşar Kərimov, Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov, 20 Yanvar hadisələrinin canlı şahidi, Azərbaycan Respublikası Müharibə Veteranları Qadınlar Birliyinin sədri Radə Abbas, Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma İsmayılova, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Milli Qəhrəman Çingiz Babayevin atası Adil Babayev, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Babayev çıxış edərək 24 il öncə törədilmiş bu qanlı faciənin dəhşətlərindən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdılar. Çıxışlar zamanı qeyd olundu ki, faciəli gündə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan tarixinə şanlı bir səhifə kimi həkk olunmuşdur.
Xalqımıza qarşı törədilmiş bu qanlı cinayətə ilk dəfə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi xüsusi vurğulandı.
Tədbir zamanı 20Yanvar hadisələrindən bəhs edən film nümayiş olundu.