Azərbaycan xalqinin ümummilli lideri Heydər Əliyevin vəfatinin 10-cu ildönümünə həsr olunmuş anim tədbiri keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, AMEA-nın Tarix İnsitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, rayon ziyalıları, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.
Tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsində ulu öndərin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər, “Xatirə Kitabı”na ürək sözlərini yazdılar.
İbrahim Mehdiyev tədbiri açaraq qonaqları salamladı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İbrahim Mehdiyev çıxış edərək dekabrın 12-nin xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü olduğunu və ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd etdi.
Nizami Cəfərov öz çıxışı zamanı Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olduğunu, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları sayəsində ölkənin hərtərəfli inkişafına nail olunduğunu vurğuladı.
Cəbi Bəhramov çıxış edərək dahi şəxsiyyətin siyasi fəaliyyətini araşdırdıqda onun vətənini hədsiz dərəcədə sevən bir insan olduğunu, ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını qeyd etdi.
Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədovanın ifasında “Ulu öndər” və “Mənim babam” şeirləri səsləndi.
Tədbirin sonunda Respublika müsabiqəsi laureatı Zaur Zeynalovun təqdimatında “Heydər Əliyev” adlı kompozisiya nümayiş olundu.