Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqlarinin müdafiəsi ilə bağli maarifləndirmə işinə həsr olunmuş dəyirmi masa keçirildi

16 noyabr 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində  Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü ilə əlaqədar “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə işinə həsr olunmuş dəyirmi masa keçirildi.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova,  Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi   Faiq Ağayev, Yasamal rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Seymur Nağıyev, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının Prezidenti Elmira Mirzəyeva, 28 saylı Polis Bölməsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorları, polis kapitanı Ruhiyyə Məmmədova, Knyaz Şəkərov, təhsil, səhiyyə, məktəbəqədər tərbiyə  müəssisələrinin rəhbərləri iştirak edirdi.

Mərkəzin böyük elmi işçisi Cəmilə Məlikova tədbiri açaraq tədbir iştirakçılarını salamladı, respublika ərazisində hər il ənənəvi olaraq keçirilən “Uşaq huquqları aylığı” haqqında qısa məlumat verdi.

Faiq Ağayev çıxış edərək İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilmiş tədbirlərin məqsəd və vəzifələri haqqında danışdı və bu aylığın

“Hər bir uşağın qayğısına qalaq!” devizi altında reallaşdığını qeyd etdi. Çıxış zamanı vurğulandı ki, aylığın  keçirilməsinin məqsədi uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.

Cəmilə Bağırova  çıxışı zamanı hər bir rayon ərazisində azyaşlılarla işin daha da kompleks hal almasını, azyaşlılara zorakılıq zamanı şikayətlərin yerində və zamanında araşdırılmasının vacibliyini qeyd etdi.

Elmira Mirzəyeva isə öz çıxışı zamanı hər bir uşağa fərdi yanaşmanın, valideynlərin uşaqların tərbiyəsində diqqətli olmalarının  vacibliyindən söz açdı, ailələrdə zorakılıq hallarının  yolverilməz olduğunu vurğuladı.

Seymur Nağıyev, Knyaz Şəkərov öz çıxışları zamanı azyaşlıların ailədə, təlim və təhsil prosesində hüquqlarının qorunması, təhsil işçiləri arasında maarifləndirmə işinin aparılması, təhsildən yayınan uşaqların təhsilə cəlb olunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini tövsiyə etdilər.

Tədbir zamanı psixoloq Elmira Mirzəyeva tərəfindən azyaşlılarla profilaktik söhbət aparıldı.

Keçidlər