Yasamal rayon ictimaiyyəti Milli Qəhrəman Murad Mirzəyevi yad edib
Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev doğum günündə Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarı önündə yad edilib. II Fəxri Xiyabanda baş tutan mərasimdə dövlət himni səsləndirilib, şəhidin ruhuna dualar oxunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açılıb.
Murad Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Anım mərasimində iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin yaxınlarına başsağlığı verdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmadı və şanlı aprel döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı oldu. Elşad Həsənov bu tarixi zəfərə görə müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və əzminə, şəhid və qazilərimizin sücaət və cəsarətinə borclu olduğumuzu vurğuladı.
Mərasimdə çıxış edən şəhid yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.