1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı aksiya təşkil olundu
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı TƏBİB-in tabeliyində olan Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə şəhid və qazi ailələrinin övladları üçün aksiya keçirildi. Aksiya çərçivəsində uşaqlar Respublika Klinik Xəstəxanasının tabeliyində olan Uşaq Klinik Xəstəxanasının pediatrları tərəfindən ümumi müayinədən keçdilər. Müxtəlif yaş dövrlərini əhatə edən balacalar xəstəxananın tibb personalı tərəfindən müayinə olunaraq davamlı müalicə almaq üçün qeydiyyatdan keçdilər, səhhətində müəyyən dəyişikliklər aşkarlananlar müxtəlif prosedurlara yönəldildi.
Tədbirin rəsmi hissəsində çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirdi ki, gələcəyimiz olan uşaqlara hər zaman dövlət tərəfindən diqqət və qayğı var, balacaların sağlamlığının qorunması istiqamətində bu cür aksiyalar davamlı keçiriləcək.
Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov öz çıxışında şəhid və qazi ailələrinin sosial rifahının daim dövlətimizin nəzarətində olduğunu vurğuladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün örnəkdir. Biz də Respublika Klinik Xəstəxanası olaraq şəhid və qazi övladlarına hər zaman dəstək olmağa çalışırıq.
Tədbir uşaqlar üçün əyləncəli bədii hissə ilə davam etdirildi, aksiyada iştirak edən bütün uşaqlara hədiyyələr verildi, xatirə şəkli çəkildi.