Şriftin ölçüsü :

Saytın rəngi :

İH Başçısının hesabatı

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənovun rayonun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair

HESABATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə, fevralın 4-də isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Ölkə başçısı müşavirədə və konfransdakı çıxışlarında 2019-cu ilin sosial-iqtisadi inkişafını, beynəlxalq və regional ictimai-siyasi prosesləri geniş surətdə təhlil etmiş və qarşıda duran mühüm strateji hədəfləri müəyyən etmişdir.

Dövlətimizin başçısı cənab İlham Əliyev qeyd etdi ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edildi. İl ərzində dünyanın müxtəlif yerlərində gərginliyin artması müşahidə olunurdu. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Keçən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi.

Son bir neçə ildə ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar paketi həyata keçirilir. Bu islahatlar sosial, iqtisadi, idarəetmə və digər sahələri əhatə edir. Bu islahatların bir məqsədi var: Azərbaycan vətəndaşının maddi rifah səviyyəsini daha da yüksəltmək. Məhz buna görə, qeyri-neft sektoruna yeni investisiyalar cəlb edilir, iqtisadiyyat daha şəffaf prinsiplər üzərində qurulur, korrupsiya ilə mübarizə aparılır. Eyni zamanda ölkədə idarəetmə sistemi təkmilləşdirilir və idarəçiliyə yeni kadrlar cəlb edilir. Bütün bu islahatlar Azərbaycanı daha firavan və daha güclü etmək məqsədi daşıyır.Əminəm ki, cənab prezidentin bu gün apardığı islahatlar övladlarımızın xoşbəxt gələcəyini təmin edəcəkdir.

2019-cu ildə ölkədə həyata keçirilən iqtisadi islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Bu dövrdə 404 106 200 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda xidmətlərin həcmi 1,4 faiz artaraq 2 506 964 400 manat, rabitə xidmətlərinin həcmi 5 faiz artaraq 718 650 700 manat olmuşdur. Əsas kapitala 905 354 800 manat məbləğində vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

Tikinti müəssisələrinin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 850 525 500 manat məbləğində qeydə alınmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 785 002 700 manata bərabər olmuşdur ki, bunun da 10,6 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İaşə müəssisələrinin dövriyyəsi 68 177 000 manata bərabər olmuşdur. Muzdlu işçilərin sayı 40,2 faiz artaraq 148 105 nəfərə, işçilərin orta aylıq əmək haqqı 686 manata bərabər olmuşdur.

Ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Hesabat dövründə Yasamal rayon Məşğulluq Mərkəzinə 8720 nəfər vətəndaş müraciət etmiş, onlardan 8576 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 4332 nəfər daimi işlə, 2006 nəfər isə ötən ildən fəaliyyətə başlamış ilk DOST Mərkəzi tərəfindən sosial işlərlə təmin olunmuşlar.

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin 2 saylı Poçt filialı xidmətlər vasitəsi ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən ildə 80 212 manat və ya 4,8 faiz daha çox, 2 202 500 manat gəlir əldə etmişdir.

“Bakıtelefonrabitə” Məhdud Məsuliyyətli Cəmiyyətin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin abunəçilərinin sayı ötən ildə 155 960 nəfər olmuşdur. Əvvəlki ilin yekunlarına görə 2019-cu ildə Mərkəzin xidmətlərindən daxil olan vəsait 11,79 faiz, yəni 2 014 200 manat artaraq 19 096 600 manat məbləğində gəlir əldə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilərək cari ildə 18 ünvanda abadlıq işləri görülmüşdür. Yeni Yasamal-2 yaşayış massivində 4 və 5, 8 və 9 nömrəli evlərin, Parlament prospekti 2, 4 və 6 B nömrəli evlərin qarşısında, Talıblı küçəsi 36, 40 və 42, H.Zərdabi küçəsi 77, 81, 81 A və 87 nömrəli evlərin ətrafında, Yeni Yasamal-1 yaşayış massivində 1, 2, 3, 4, 7, 8, 10, 11 və 12 nömrəli evlərin həyətlərində abad məhəllələr yaradılmışdır.

H.Cavid prospekti, Ə.Ələkbərov, T.Şahbazi küçəsi, Ə.Haqverdiyev, Eldar Ağayev küçəslərində, 333-cü məhəllədə və digər ünvanlarda 8500 kv.m asfalt örtüyü təmir olunmuşdur.

Ötən il noyabrın 12-dək həyata keçirilmiş tədbirlərlə əlaqədar rayonun keçmiş rəhbərliyinin fəaliyyəti dövrünə aid olduğu üçün bu xidmətləri qeyd etmək istəyirəm.

Qanunsuz tikililərə qarşı mübarizə tədbirləri davam etdirilərək A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülmüş, zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənmişdir. Ötən ilin sonundan başlayaraq qanunsuz tikililərə qarşı mübarizə tədbirləri gücləndirilmiş, ümumilikdə 50-yə yaxın ünvanda zəbt edilmiş ərazilərin ətrafına çəkilmiş çəpər və hasarlar, qanunsuz tikililər sökülmüşdür. Aidiyyəti qurumların rəhbərlərinin nəzərinə çatdırıram ki, qanunsuz tikililərə yol verən vəzifəli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcəkdir.

Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən 21 yaşayış binasında 6300 kv.m müxtəlif materiallardan olan dam örtüyü təmir edilmişdir. 38 ünvanda məişət tullantıları konteynerləri üçün meydança tikilmişdir, tutumu 1 kub.m olan 492 ədəd plastik konteyner alınaraq rayon ərazisində yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli 868 nömrəli Fərmanının 2-ci bəndinə əsaslanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pilot layihə”lərlə bağlı Qərarları, o cümlədən 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı ləğv edilmiş və 1 avqust 2018-ci il tarixə qədər icrasına başlanmış layihələrin davam etdirilməsi qaydaları müəyyən edilmişdir.

Yasamal rayonu ərazisində inşa edilən “Pilot layihə”lərdən dördü: A.M.Şərifzadə küçəsi 86, A.M.Şərifzadə küçəsi 122 nömrəli 2 girişli, Akim Abbasov küçəsi 3, Əhməd Cəmil küçəsi 21 və 23, 23 A, 23 B nömrəli 4 girişli binalar istismara qəbul edilmiş və sakinlərə mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinə başlanmışdır. A.M.Şərifzadə küçəsi 162 və 174 nömrəli 2 ədəd 4 girişli yaşayış binalarına Fövqəladə Hallar Nazirliyindən hazırlıq aktı alınmış və onların istismarına icazə verilməsi üçün sənədlər hazırlanır. Digər layihələrin icrası ilə əlaqədar işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot Layihə”lərin icrası uğurla davam etdirilir. A.M.Şərifzadə küçəsi 104 və 110 nömrəli evlərin layihələndirmə işləri başa çatdırılaraq tikintinin başlanmasına icazə verilmişdir.

Hal-hazırda A.M.Şərifzadə küçəsi 104 nömrəli yaşayış binasından sakinlər köçürülmüş və yeni yaşayış evinin tikintisi 8-ci mərtəbədə davam etdirilir. A.M.Şərifzadə küçəsi 110 nömrəli evin sakinlərinin köçürülməsi başa çatdırılmış, hal-hazırda zirzəmi səviyyəsində tikinti işləri davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarına əsaslanaraq Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin sökülməsi, yerində yeni müasir yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi işləri davam etdirilir.

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən Yasamal rayonu ərazisində yaşayışa buraxılan, lakin istismara qəbul olunmayan 125 çoxmənzilli yaşayış binası müəyyən edilmiş və ilin sonuna qədər bunlardan 88 binanın istismarına icazə sənədləri verilmişdir, bu isə yaşayış evlərinin sənədləşdirilməsi sahəsində ümumi işin 70,4 faiz icrasının təmin olunması deməkdir.

“Sovetski” adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Yasamal rayonu ərazisində yerləşən “Təzəpir” məscidinin qarşısındakı yeni parkın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etmişlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il və 572 nömrəli 29 dekabr 2018-ci il tarixli Qərarları ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması müəyyən edilmişdir.

Qeyd olunan qərarların icrası ilə əlaqədar yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasına 2018-ci ilin may ayından başlanmış və hal-hazıradək 2002 ailənin yaşadığı 1964 obyektin dövlət ehtiyacları üçün satınalınması təmin edilmişdir.

Bildiyiniz kimi, 2019-cu ilin may ayından başlayaraq xeyli müddət əvvəl yuxarıda qeyd olunan qaydada razılaşaraq mənzillərini alan orqana satan və kompensasiya məbləğlərini alan bir qrup sakin tərəfindən həmin dövrdə satdıqları mənzillərə görə onlara əlavə maddi vəsait verilməsi barədə kütləvi şəkildə ali, mərkəzi icra hakimiyyəti orqanlarına və rayon icra hakimiyyətinə davamlı surətdə müraciətlər etmişlər. 14 noyabr 2019-cu il tarixdə 400 nəfərədək sakin əlavə maddi yardım ödənilməsi barədə rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət etmişlər. Qeyd olunan tarixdən sonra sakinlər davamlı olaraq rayon İcra Hakimiyyətinə gələrək xahişlərinin icra olunmasını rica etmişlər.

Həmin müraciətlərə baxılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilmişdir.

Ədalət naminə vurğulamalıyam ki, əsasən ötən ilin sonuna təsadüf edən bu tədbir çox gərgin əmək sərf olunması hesabına icra olunmuşdur. Rayon İcra Hakimiyyətinin bu tədbirin həyata keçirilməsində yaxından iştirak edən əməkdaşlarının əməyini xüsusi qeyd etmək istəyirəm. Bu və digər tədbirlərdə fədakarlıqla və fəal iştirak edərək asayişin qorunmasını təmin edən rayonun hüquq-mühafizə orqanlarına təşəkkürümü bildirmək istəyirəm.

Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində yaşayış kompleksinin tikintisi başa çatdırılmışdır. Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaşayış kompleksində istifadəyə verilən 161 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşularaq Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində hal-hazırda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması məqsədi ilə 11 nömrəli körpələr evi-uşaq bağçası sökülərək yeni, daha müasir məktəbəqədər müəssisənin inşası başa çatdılmışdır. İyun ayının 13-də körpələr evi-uşaq bağçasının açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Həmin gün Mehriban xanım Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olaraq təmir-bərpa işlərinin aparılmasına göstəriş vermişdir. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın bu tapşırığı yeniyetmə və gənc nəslin mədəni və mənəvi inkişafına diqqət və qayğısı kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılmasına dair tapşırıqlarının icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən əsasən təmin edilmişdir.

Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Su-kanal İdarəsi və Bakı Regional Qaz Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən əhaliyə kommunal xidmətlər sahəsində ciddi problemlər müşahidə olunmamışdır. Lakin bir-neçə yerdə qurumuş ağacların aşması hallarına bir daha diqqət çəkərək, hesab edirəm ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayon Yaşıllaşdırma Sahəsi bu kimi hallardan nəticə çıxarmalı və ilboyu budanma işlərinin təşkilinə diqqəti artırmalıdır.

Bundan başqa, “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunmayan əhalinin, hüquqi və fiziki şəxslərin təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri davam etdirilməlidir.

Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon əhalisinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin profilaktikası istiqamətində bir sıra işlər görülmüş və rayonun epidemioloji durumu əsasən diqqət mərkəzində saxlanılmışdır. Dünyanın bir çox yerlərdə yoluxucu xəstəliklərin tüğyan etdiyi indiki şəraitdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayonun səhiyyə müəssisələri əhali arasında maarifləndirici, profilaktik tədbirlərin miqyasını genişləndirməklə bu sahəyə diqqəti maksimum artırmalıdırlar.

Bu gün ən aktual məsələlərdən biri olan qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə bərabər ət kəsimi yerlərinin müəyyən olunması məqsədi ilə işlər aparılaraq aidiyyəti üzrə təkliflərlə müraciət olunmuşdur.

Yasamal bələdiyyəsi tərəfindən müəyyən sosial yönümlü tədbirlər həyata keçirilmiş, vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsait toplanması əsasən təmin edilmişdir.

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən ötən ildə bir çox səmərəli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Hesab edirəm ki, rayon Gənclər və İdman İdarəsi ölkə rəhbərliyinin müəyyən etdiyi gənclər siyasəti istiqamətində tədbirləri bundan sonra da davam etdirməlidir.

Ötən ildə tarixi, əlamətdar və bayram günlərinə həsr olunmuş tədbirlər davam etdirilmiş, ulu öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə və anım günlərinə həsr olunan silsilə tədbirlər, 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan anım tədbirləri, Alman faşizmi üzərində qələbənin 74-cü ildönümü, 28 May – Respublika Günü, Ramazan bayramı, Milli Qurtuluş gününə, ədliyyə işçilərinin peşə bayramına, 5 dekabr – Beynəlxalq Könüllülər Gününə, İmadəddin Nəsiminin 650 illik yubileyinə, Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illiyinə, və digər çoxsaylı tədbirlər keçirilmişdir.

Novruz və Ramazan bayramları ərəfəsində rayon sakinlərinə daha ucuz və keyfiyyətli məhsulların təqdim olunması məqsədi ilə Hüseyn Cavid prospektində və Seyfəddin Dağlı küçəsində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunmuşdur. Lakin bu yarmarkanın fəaliyyət göstərməsi yol-nəqliyyat hərəkətinə maneçilik törətməsi və şəhərin mərkəzi ərazisinin görünüşünə xələl gətirməsi ilə əlaqədar yerinin dəyişdirilməsinə görə Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu il martın 15-dən 18-dək və noyabrın 18-dən 21-dək «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən rayonun Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda fəaliyyət göstərən kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin təsdiq edilmiş qrafikə uyğun olaraq kütləvi ekskursiyaları bu il də davam etdirilmişdir.

Rayonumuzun ərazisində fəaliyyət göstərən ali, orta-ixtisas və tam orta təhsil müəssisələri şəhər və rayon əhəmiyyətli tədbirlərdə daim fəal iştirak edirlər. Təhsil müəssisələrimizin professor-müəllim heyətlərinin, pedaqoji kollektivlərinin səyləri nəticəsində təhsil sahəsində ötən tədris ilində əldə edilmiş nailiyyətlər hal-hazırdakı tədris ilində uğurla davam etdirilmişdir. Bu ali təhsil müəssisələrinin rektorları, orta-ixtisas və tam orta təhsil müəssisələrinin direktorları burada iştirak edirlər və mən onlara öz dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən ildə fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirlərinə başlanılmış, müəyyən olunmuş müddət ərzində icbari tibbi müayinə tədbirləri rayonun səhiyyə müəssisələri tərəfindən başa çatdırılmışdır.

2019-cu ildə rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 4029, 2018-ci ildə 3116 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılması əsasən təmin edilmişdir. Burada birmənalı şəkildə bildirməliyəm ki, ötən ilin sonundan başlayaraq sakinlərin rayon İcra Hakimiyyətinə kütləvi surətdə müraciətləri müşahidə olunur. Hesab edirəm ki, vətəndaşların müraciətlərinin kəskin şəkildə artması Yasamal rayon İcra Hakimiyyətinə etimadın artmasının göstəricisidir.

Rayon İcra Hakimiyyəti Başçısının ötən ildə rayon sakinləri ilə 42 səyyar qəbul-görüşü keçirilmişdir, burada 7000 nəfərdən çox rayon sakini iştirak etmiş, rayon sakinləri tərəfindən 715 müxtəlif məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət edilmiş, müraciətlər demək olar ki, öz müsbət həllini tapmışdır. Etiraf etmək lazımdır ki, heç də həmişə vətəndaşların ərizə və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara qarşı diqqətli, onların müraciətlərinə həssas və peşəkarlıqla yanaşılması barədə tələblərinə uyğun baxılmır. Bundan başqa, bir çox hallarda vətəndaşlar rayon İcra Hakimiyyəti başçısının inzibati binada və səyyar qəbullarına yerli icra hakimiyyətlərinin vəzifə və səlahiyyətlərinə aidiyyəti olmayan müraciətlərlə gəlirlər. Halbuki, rayon İcra Hakimiyyətinin şöbələri və rayon İcra hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər vətəndaşları lazımi qaydada qəbul edərlərsə və onlarla izahat işlərini daha səriştəli apararlarsa həm lazımsız vaxt itkisinin qarşısı alınar, həm də əsassız müraciətlərin sayı süni surətdə artmaz.

Ötən il dekabrın 23-də ölkəmizdə, o cümlədən rayonumuzda bələdiyyə seçkiləri keçirildi və artıq rayon bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Bu il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Ölkə üzrə seçki dairələrinin mütləq əksəriyyətində olduğu kimi rayonumuzdakı seçki dairələrində də seçkilər tam şəffaf və demokratik şəraitdə keçirildi. Yasamal rayon bələdiyyəsinin üzvlərini, həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa lider namizədləri təbrik edirəm və ümidvar olduğumu bildirirəm ki, deputatlığa namizədlər Milli Məclisin yeni tərkibində uğurla təmsil olunacaqlar.

Seçkilərlə əlaqədar “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35-ci, 46-cı, 87-ci və 98-ci maddələrində nəzərdə tutulan bütün zəruri tədbirlərin həyata keçirilməsi Yasamal rayon İcra Hakimiyyəti tərəfindən tam həcmdə təmin edilmişdir. Məntəqə seçki komissiyaları üçün yerlərin ayrılması, təşviqat lövhələrinin yerləşdirilməsi, daimi seçici siyahılarının dəqiqləşdirilməsi məsələləri ilə əlaqədar olan bütün zəruri tədbirlər Mərkəzi Seçki Komissdiyasının müəyyən etdiyi Təqvim Planına uyğun olaraq həyata keçirilmişdir. Rayonumuzdakı seçki dairələrində və seçki məntəqələrində seçkilərin nəticələrinə mənfi təsir göstərə bilən ciddi qanun pozuntularının qeydə alınmaması sevindirici haldır.

Ötən ilin əvvəlindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı, əhalinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş kompleks xarakterli fərman və sərəncamlar ilə bu sahədə köklü islahatlar aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqlərində qeyd etmişdir ki, islahatlar dönmədən davam etdiriləcək, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ilə eyni zamanda sosial problemlərin həlli istiqamətində iri həcmli işlər həyata keçiriləcəkdir. Sənədsiz evlərdə yaşayan vətəndaşların mülkiyyət hüquqlarının qorunması, aztəminatlı və imtiyazlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, o cümlədən Bakı şəhərində abadlıq-quruculuq, nəqliyyatın inkişafı, mənzil fondunun qorunub saxlanması, eləcə də ölkəmizin nüfuzunun daha da artırılması məqsədi ilə bir sıra beynəlxalq konfranslar, forumlar, idman yarışları və sairə tədbirlər həyata keçiriləcəkdir. Bütün bu tədbirlər təşkilatçılarla bərabər yerli idarəetmə orqanlarının, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin, digər aidiyyəti qurumların, bütün idarə, müəssisə və təşkilatların məsul şəxslərinin üzərinə mühüm vəzifələr müəyyən edir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yerli icra hakimiyyətləri, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti qarşısında konkret vəzifələr və hədəflər müəyyən olunmuşdur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq və ölkə rəhbərliyinin müəyyən etdiyi vəzifələrin icrası təmin ediləcəkdir.

Keçidlər