Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunlar

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu 

 

Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu
 

 

Dövlət qulluğu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun məqsədi

Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Maddə 2. Dövlət qulluğu

2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir.
2.3. Prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur. 
2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
2.6. Bu Qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda çalışan şəxslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar "dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az olduqda, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir.

Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi.

Maddə 4. Dövlət qulluğunun prinsipləri

4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən  edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və  vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə  etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini  tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət qulluqçusunun  hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi  partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.

Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları

5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan  Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət  Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan  Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən  edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.

Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

II fəsil
DÖVLƏT ORQANLARI

Maddə 7. Dövlət orqanı anlayışı

7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.
7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə  struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir.

Maddə 8. Dövlət orqanlarının təsnifatı

8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurasının Aparatı (2-ci kateqoriya dövlət orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). 
8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət orqanlarının bölmələri).
8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən edilir.

III fəsil
DÖVLƏT QULLUĞU VƏZİFƏSİ
Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.
Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı 
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
10.2. Siyasi vəzifələr 1-ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin birinci müavinlərinin və müavinlərinin, 2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətə qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.
10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin ediləndən və ya seçiləndən sonra özlərinə müşavir, köməkçi və katib işə götürə bilərlər.
10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil  edilmir.
10.5. İnzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
10.6. Yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi.
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri;
11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;
11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin birinci müavinləri və müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri;
11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri.
11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
11.1.3.1. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında bölmə rəhbərinin müavini vəzifəsi;
11.1.3.2. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında bölmə rəhbərinin müavini vəzifəsi;
11.1.3.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;
11.1.3.4. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin, bölmə rəhbərlərinin vəzifələri;
11.1.3.5. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.3.6. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin vəzifələri;
11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
11.1.4.1. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri;
11.1.4.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında mütəxəssislərin vəzifələri;
11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;
11.1.4.4. 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.4.5. 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.4.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin və bölmə rəhbərlərinin vəzifələri;
11.1.4.7. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri.
11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarının aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.5.2. 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.5.3. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.6.2. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;
11.1.6.3. 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının bölmə rəhbərinin və onun müavininin vəzifələri;
11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinlərinin vəzifələri.
11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələri; 
11.1.8.2. müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və sahə inzibati ərazi dairələri nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri.
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı – Ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı – 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı – 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı – 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı , müvafiq vəzifədə isə azı beş illik qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali - 5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:
11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur.
Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu 
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir.
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri 
13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.
IV fəsil
DÖVLƏT QULLUQÇUSU
Maddə 14. Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 
14.2. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. 
14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar. 
Maddə 15. Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri  qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə,  var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
15.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl  basmaqla həyata keçirilir.
15.4. Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən  edilir.
15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi işi
15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.
15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi
15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. 
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: 
16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə – həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;
16.2.2. inzibati vəzifələrin birinci təsnifatı üzrə – 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı üzrə – dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə – 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə – dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə – dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə – dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə – dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti.
Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 
17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir. 
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır. 
Bu maddənin birinci hissəsində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. 
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
Bu Qanunun 17.3-cü maddəsinin ikinci hissəsində “müvafiq vəzifə” və “müvafiq vəzifədə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir: 
üçüncü-beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;
altıncı-yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.
Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
birinci-ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
üçüncü-dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.
17.4-1. Dövlət qulluqçusuna bu Qanunun 17.3-cü maddəsinin birinci hissəsində və 17.4-cü maddəsində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər: 
17.4-1.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;
17.4-1.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.
17.4-2. Bu Qanunun 17.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Bu Qanunun 17.4-1.1-ci maddəsində nəzərdə tutulmuş halda vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.
Bu Qanunun 17.4-1.2-ci maddəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda tətbiq oluna bilər.
17.4-3. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır. Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. 
17.7. Bu Qanunun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qanunun 17.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. 
17.8. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrum etmə tətbiq olunarkən dövlət qulluqçusunun əmək kitabçasında və şəxsi işində müvafiq qeydlər edilir.

Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol  verməməli;
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz  həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı;
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli  saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin  mənbəyini, növünü və məbləğini göstərməli;
18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və  ya başqa vəzifələri icra etməli;
18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına  yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 
Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən  edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı  surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3. dövlət məvacibi almaq;
19.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət  maaşının məbləğinin artırılması iddiasında olmaq; 
19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq;
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz  izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10. həmkarlar ittifaqlarında birləşmək;
19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət  qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək;
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə,  ictimai birliklərdə üzv olmaq;
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil  məqsədilə məzuniyyət almaq;
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin  müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;
20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli  fəaliyyətlə məşğul olmağa;
20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş  müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə  informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;
20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;
20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 
20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq  aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar  barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;
21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma; 
21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;
21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.
21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır. 
21.3. Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər.
21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir.
21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. 
21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.
Maddə 22. Dövlət məvacibi
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır.
22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq  stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. İnzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarına məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir. Hər sonrakı təsnifatın vəzifə maaşı əvvəlkindən qanunvericiliklə müəyyən edilmiş faiz miqdarında yuxarı olmalıdır. Hər kəs dövlət qulluğu vəzifəsinə təyin edilərkən onun vəzifə maaşının müəyyən edilməsi haqqında qərar qəbul olunur.  
22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq  qanunu ilə müəyyən edilir.
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə  onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 
22.7. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının  müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur.
Maddə 22-1. Dövlət qulluqçusunun əlavə təhsili 
22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir.
22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildir. 
22-1.3. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün aşağıdakılar əsasdır: 
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.
22-1.4. Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.
22-1.6. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam edilə bilər. 
22-1.7. Dövlət qulluqçusunun əlavə peşə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir. 
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
  23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir.  
23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 
23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın qanunvericiliklə müəyyən edilən faizi ödənilir. 
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının  mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən  qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət  qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını  almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və  qaydalar qanunvericiliklə müəyyən edilir.
Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 
25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
25.2.6. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir.
25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə  saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.

V fəsil
DÖVLƏT QULLUĞU KEÇMƏ

Maddə 27. Dövlət qulluğuna qəbul edilmək hüququ 
27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.
27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə;
27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların  valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda; 
27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
27.2.5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın  qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

Maddə 28. Dövlət qulluğuna qəbul

28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun,  dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.
Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.
28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir. 
28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.

Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.
28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.

Maddə 29. İnzibati vəzifələrin tutulması 

29.1. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. 
29.2. Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər. 
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında (bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti orqanında) tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
29.3. Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.
Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. 
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın nəticələri;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma. 
29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilir.
29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təyin olunur.

Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması
Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.

Maddə 30. Dövlət qulluğunun şərtləri
30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı  müəyyən edilə bilər.
30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş  vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
30.3. İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən  əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü;
30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;
30.3.3. 15 ildən çox əmək stajına görə —6 təqvim günü; 
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.
30.4. Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil  sahəsi;
30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;
30.4.3. digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.
30.5. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş  yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər təhsil müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti  olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.
30.6. Yardımçı vəzifələr tutun dövlət qulluqçularının əmək münasibətləri bu Qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Maddə 30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

30-1.1. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilir.
30-1.2. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir.
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.
30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.6.1. peşə bilikləri;
30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti;
30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.6.5. iş təcrübəsi və onu bölüşmə;
30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı.
30-1.7. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun 30-1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.7.1. proqnozlaşdırma;
30-1.7.2. idarəetmə;
30-1.7.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
30-1.7.4. komanda qurmaq bacarığı.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.8.1. əla;
30-1.8.2. yaxşı;
30-1.8.3. kafi;
30-1.8.4. qeyri-kafi.
30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri onun şəxsi işində saxlanılır.
30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.
30-1.12. Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:
30-1.12.1. dövlət qulluqçusunun mükafatlandırılması;
30-1.12.2. dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;
30-1.12.3. dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
30-1.12.4. dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi;
30-1.12.5. dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi.
30-1.13. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası və qiymətləndirilmə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
30-1.14. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir.

Maddə 31. Dövlət qulluqçusunun attestasiyası
31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu, bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
31.2. Attestasiya kollegial, obyektiv surətdə, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.
31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.
31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:
31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
31.4.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa stimullaşdırılması;
31.4.3. dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi. 
31.5. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
31.6. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
31.7. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.
31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər üç komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.
31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.
Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya habelə əvvəlki attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.
31.10. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
31.11. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət qulluqçusu barəsində bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir.
31.12. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
31.12.1. tutduğu vəzifəyə uyğun gəlir;
31.12.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
31.12.3. tutduğu vəzifəyə uyğun gəlmir.
31.13. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır. 
31.14. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
31.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.
31.16. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
31.17. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.
31.18. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, dövlət qulluqçusunun irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.
31.19. Bu Qanunun 31.18-ci maddəsində nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
31.20. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir.
31.21. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır.
31.22. Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ
32.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər.
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant  vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə  alınmaqla həyata keçirilir. 
32.3. Qulluqçunun irəli çəkilməsindən imtina edilməsi barədə qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni yalnız müsabiqənin və ya  attestasiyanın keçirilməsi qaydasının pozulduğu hallarda şikayət etmək olar. 
32.4. Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir. 
Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi 
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;
32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.

Maddə 33. Dövlət qulluğuna xitam verilməsi
33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
33.1.2. dövlət orqanı ləğv edildikdə;
33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;
33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;
33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;
33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;
33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;
33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;
33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

IV fəsil
YEKUN MÜDDƏALAR

Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri

Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Maddə 35. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ


Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

 

 


Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Maddə 1. Müraciət etmək hüququ

1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.
1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.

Maddə 2. Vətəndaşların müraciətləri haqqında qanunvericilik

Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 3. Əsas anlayışlar

3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs;
3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;
3.0.3. təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;
3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
3.0.6. müraciətə baxan subyekt – fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;
3.0.7. müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi – müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;
3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi – müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;
3.0.9. şifahi müraciət – vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;
3.0.10. telefon müraciət xidməti – müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;
3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;
3.0.12. elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;
3.0.13. kollektiv müraciət – eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;
3.0.14. təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;
3.0.15. anonim müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.

Maddə 4. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri

4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır:
4.0.1. qanunçuluq;
4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
4.0.3. müraciətlərə dair tələblərin vahidliyi;
4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;
4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;
4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;
4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması.

Maddə 5. Bu Qanunun tətbiq dairəsi

5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.
5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.
5.3. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.
5.4. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
5.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.7. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.8. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir.
5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər

6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.
6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:
6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);
6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;
6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.
6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.
6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
6.8. Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.
6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası

7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.
7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır.
7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.
7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.
7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.
7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.
7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.
7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.
7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.
7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.
7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.

Maddə 8. Müraciətin baxılmamış saxlanılması

8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:
8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;
8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;
8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;
8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;
8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.
8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.
8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.

Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri

9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır.
9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;
9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;
9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.
9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.
9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
9.6. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır.

Maddə 10. Müraciətə baxılması müddəti

10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.
10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.

Maddə 11. Vətəndaşların qəbul edilməsi qaydası

11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.
11.2. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.
11.3. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır.
11.6. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
11.7. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.
11.8. Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu maddəyə uyğun olaraq həyata keçirilir.

Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri

12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər.
12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.
12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:
12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;
12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;
12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.
12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Maddə 13. Nəzarətin həyata keçirilməsi

13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları

14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:
14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;
14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;
14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;
14.0.4. ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;
14.0.5. müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;
14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.

Maddə 15. Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri

15.1. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.
15.2. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
15.3. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 17. Yekun müddəa

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 417; 1998, № 7, maddə 444; 1999, № 10, maddə 570; 2001, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002, № 8, maddə 463; 2004, № 1, maddə 10; 2006, № 5, maddə 390, № 12, maddə 1005; 2007, № 11, maddə 1053; 2010, № 3, maddə 173; 2011, № 7, maddə 615) ləğv edilsin.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il
№ 1308-IVQ

 

Keçidlər