Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda daha bir futbol meydançası sakinlərin istifadəsinə verildi

16 sentyabr 2021 | 11:00

Bu gün paytaxtın Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyəti, AFFA və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü futbol meydançası sakinlərin istifadəsinə verildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Elnur Allahverdiyev,  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan futbolunun əfsanələri İsgəndər Cavadov və Vəli Qasımov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, yeni bir meydançanın istifadəyə verilməsi yerli sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün gözəl imkanlar yaradacaq. Elşad Həsənov son zamanlar ölkəmizdə, o cümlədən Yasamal rayonunda, geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd etdi. Bu mənada Heydər Əliyev Fondu və İDEA ictimai birliyi tərəfindən görülən işlər xüsusi qeyd edidli. Bildirildi ki, son illər İDEA tərəfindən qurulmuş və abadlaşdırılmış “Bizim həyət”-lərdən bu gün Yasamal sakinləri geniş istifadə edir.Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Yasamal rayonunda da yüksək templə davam edir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev,  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeni nəsilə öz nəsihət və xeyir-dualarını verdilər. Daha sonra uşaqlar və rəsmilər arasında qısa futbol oyunu keçirildi.

Keçidlər