Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda genişmiqyaslı dezinfeksiya tədbirləri aparılıb

15 avqust 2021 | 11:00

Son günlər  ölkədə koronavirus infeksiyasına yoluxma sayının yenidən artması ilə əlaqədar paytaxtda genişmiqyaslı  əks-tədbirlər həyata keçirilir.  Bakı Şəhər İcra Hakimiyyətinin çağırışı ilə bütün paytaxt rayonlarında, o cümlədən Yasamal rayonunda,  genişmiqyaslı dezinfeksiya həftəsi elan edilib.

Tədbir çərçivəsində Yasamal  rayonunda yerləşən parklarda, həyətlərdə, küçə və prospektlərdə dezinfeksiya, eləcə də əhali arasında maarifləndirmə işlərinə başlanılıb. Tərtib edilmiş cədvələ uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılıb.

Eyni zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Yasamal rayonu sakinlərinə ilk növbədə virus əleyhinə peyvənd olunmağın zərurəti izah edilib.

Bu gün artıq hər kəsə məlumdur ki, bu bəlanın qarşısının alınmasının tək yolu əhalinin vaksinasiyadan keçməsi, özlərinin, yaxınlarının, ətrafdakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət edilməsi, qapalı məkanlarda tibbi maskadan istifadə edilməsi və sosial məsafə saxlamaqdır. Yalnız bu qaydalara ciddi riayət edilməklə müsbət nəticə əldə etmək mümkündür.

Yasamal rayon İcra Hakimiyyəti sakinlərin nəzərinə çatdırır ki, Yasamal rayonunda peyvəndləmə üçün ayrılmış  dörd poliklinikaya müraciət edə bilərlər: 3,16, 19 və 39 saylı. Vətəndaşlar həmçinin N.Tusi adına və Həyat klinikalarındakı xüsusi peyvənd məntəqələrinə, habelə əhali arasında Maşın bazarı kimi tanınan mərkəzdə səyyar peyvənd məntəqəsinə üz tuta bilərlər.

Keçidlər