Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlər indi Böyük Qayıdışın intizarındadır

11 mart 2021 | 11:00

Ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan edilmədən müharibəyə başladı. Müəyyən səbəblərdən Azərbaycanımızın torpaqlarının 20 faizi işğal edildi. İllərlə BMT-nin Təhlükəsilik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədiyi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Ordusu döyüşlərlə həll etdi.

Ermənistan dəfələrlə Azərbaycan ərazisinə soxulmaq, yeni ərazilər işğal etmək üçün hücumlar etmək istəmişdi. Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən yaşayış məntə-qələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyytı başladı. Bu Vətən müharibəsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini belə ifadə edirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Əminliklə deyilən bu fikirləri Azərbaycan Ordusu 44 gün müddətində gerçəkləşdirdi. Bu tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində dedi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.

Vətən müharibəsi başlayanda minlərlə çağırışyaşlı, hərbi xidmətdən tərxis olunan gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələrinə müraciət edərək döyüşənlərin sırasında olmaq istəmişdi. Onların əksəriyyətinin xahişi yerinə yetirilməmişdi. Vətən müharibəsini qələbə ilə tamamlamağa ordumuzun qüdrəti çatdığı üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edildi.

Vətən müharibəsi hamını əsgərləşdirmişdi. Döyüşlərdən uzaqda olanlar qəlbən döyüşənlərin sırasında idi. Xalq döyüşən orduya həm mənəvi, həm də ehtiyac olmasa belə maddi yardım göstərirdi. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Qələbə də xalqın qələbəsi oldu. Azərbaycan Respublikasının Prezidenti noyabr ayının 8-ni Zəfər Günü elan etdi. Bu tarix Azərbaycan torpaqlarının işğaldan qurtuluş tarixi oldu. Xalq əmindir ki, bir də heç bir dövlət ərazi bütövlüyümüzə qəsd etməyə meyillənməyəcək.

Azərbaycan Ordusu düşmənin müqavimətini qırdı, müdafiə sədlərini darmadağın etdi. Azərbaycan Ordusunun gücü, qüdrəti döyüşlərin taleyini həll etdi. Müdafiə döyüşləri aparsa da müdafiə imkanları zəifləyən düşmən mövqelərdən qaçırdı. Suqovuşan, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan işğaldan azad edildi. Bu qələbələr xalqın Ali Baş Komandanın sərkərdəlik qüdrətinə inamını kükrətdi. Bu inam Şuşa işğaldan azad ediləndə daha böyük coşqu ilə yaşanıldı. Bu qələbəni rus mediası obyektivliklə, istər jurnalistikanın, istərsə də insani qanunların tələblərinə əsasən səmimiyyətlə, dürüstlüklə belə ifadə etdi: “Belə döyüş, dövlət,Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan or-dusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdı-lar”. Xalqımız xarici medianın Şuşanın işğaldan azad edilməsi əməliyyatına verdiyi dəyəri Azərbaycan Ordusunun qüdrətinə verilən dəyər bildi.

Torpaqlarımız işğaldan azad edildi.

Füzulili ana doğma ocağına qayıdan günü evinin divarlarının uçulduğunu görəndə göz yaşları sellənsə də hıçqırıq içində “Uçulan yenidən tikiləcək, sönən ocaqlar yenidən yandırılacaq. Torpağıma qayıtmışam. İndən belə ölsəm də dərdim yoxdu...”, - belə deyib. Bütün məcburi köçkün anaların belə düşündüklərinə zərrəcə şübhəm yoxdu.

Vətən müharibəsindən əvvəl də, Zəfərdən sonra da yüzlərlə məcburi köçkün anayla söhbətləşmişəm. Döyüşlərdən əvvəl hər söhbətimizdə doğma yurda sədaqətdən danışmışdıq. Qaçqın anaların ürəyini üzən sıxıntıları mən də onlarla qoşa yaşamışam. Zəfər sevincindən də onlarla nəfəs-nəfəsə qürurlanmışıq. Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlıqla qürurlanmışıq. “Nə qədər ki, nəfəsim var, Prezidentimə də minnətdar olacam, əsgərlərimizə də. Biz məcburi köçkünləri gor əzabından onlar qurtardılar...”. Məcburi köçkünlər Böyük Qayıdışın yolçuları olacaqlar. Döyüşlərdən əvvəl “Təki torpağıma qayıdım, evimi daş-daş dikəldərik” – kəlmələrini əhd kimi, niyyət kimi, and kimi dinləmişəm. İndi hamısı “İcazə verilən kimi qayıdacağıq” – deyirlər. Onların səmimiyyətlə dediklərini indi səmimiyyətlə xatırlayıram.

Bir məcburi köçkün ananın dediklərini də unutmaram: “Evimin papağını başına qoyan kimi səni qonaq aparacam, ay qızım. Qaçqınlıqdan sonra ocağımın ilk qonağı sən olacaqsan...” . Bu səfər mənim ömrümün ən gözəl səfərlərindən olacaq...
Məcburi köçkünlər indi Böyük Qayıdışın intizarındadır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Keçidlər