Şriftin ölçüsü :

Saytın rəngi :

Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur

04 mart 2021 | 11:00

Tarix deyir ki, 8 Mart gününü digər günlərdən fərqləndirilməsi təklifi 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən “Beynəlxalq Sosialist Qadınlar Qurultayı”nda səsləndirilib. Klara Setkinin təklifi qəbul olunub. Klara Setkinin bu təşəbbüsündən neçə illər əvvəl Bakıda qızlar məktəbi fəaliyyətə başlamışdı. Bu fakt təsdiqləyir ki, o illərdə Avropa cəmiyyətin mühüm tərkib hissəsi olan qadınlara münasibətin formalaşması mexanizmini də, fəlsəfəsini də Azərbaycandan öyrənirdi. M.Ə.Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu bəşəri fikirlər ideyadan, fikirdən cəmiyyətə köçməli idi. Və köçdü. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası qadın siyasətini, cəmiyyətin qadına münasibətini yeniləşdirən ilk dövlət kimi tarix yazdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu. Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. O dövrdə Azərbaycanda qızların təhsil alması məsələsinə də gərəkli münasibət olub.

 

Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Qadın yazıçılar, qadın şairlər, qadın rəssamlar, qadın həkimlər, qadın hüquqşünaslar, qadın partiya və dövlət xadimləri, Məhəmməd Hadinin təbirincə desək, Azərbaycanın imzasının beynəlxalq qurumlarda daha yaxından, böyük sayğılarla, ehtiramlarla tanınmasının cəfakeşləri olub. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”. Bu kəlamlar qadınların cəmiyyətdə hansı səviyyədə ehtiramla əhatələnməli olduğunun, Azərbaycan mühitində əhatələndiyinin göstəricisidir.

Azərbaycanda hamı etiraf edər ki, (və edir ki!) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva həmişə ehtiramla anılıb. Bu, təkcə görkəmli alimə, böyük insani keyfiyyətləri ilə cəmiyyətin əzizi olan insana sevgi ilə məhdudlaşmır, həm də onun timsalında Azərbaycan qadınına olan sevgidir...

Tarix, həm də Azərbaycan tarixi təsdiqləyir ki, xaqlqımızda qadına hörmət mental dəyərlərdəndir. 1988-ci ilin fevralında azərbaycanlıların Xankəndinə kütləvi yürüşünün qarşısını yaylığını yürüşçülərin qarşısına atmaqla Xuraman Abbasova almışdı. Yəni xalqın qəzəbi qadına ehtiram kimi qadın yaylığı amilini üstələmədi, üstələməzdi...

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan, az sonra böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cəmiyyətdə rolu daha da yüksəldi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının və-təndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı həsəd aparılası miqyasda layiqincə təmsil edirlər.

Regionda güclü dövlət olan Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif miqyaslı tədbirlər həyata keçirilir. Respublikamızda yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələr-də uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstəri-cisidir.

Azərbaycanda Birinci vitse-prezident təəssisatının yaradılması, bu vəzifəyə YUNESKO-nun, İSESKO-nun Xoş məramlı səfiri kimi beynəlxalq fəaliyyəti ilə Azərbaycanın milli maraqlarını kifayət qədər yüksək səviyyədə təmsil edən, “Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır” əqidəsi, amalı ilə yaşayan, işləyən Mehriban xanım Əliyevanın təyin edilməsi də qadınların cəmiyyətdə rolunun kontekstləşdi-rilməsinin nəticəsidir.

Ermənistan dislokasiya yeri Xankəndi olan 366-cı alayın fəal iştirakı ilə Xocalıda qətliam, soyqırımı törətdi. Dünya ictimaiyyəti bu qətliama görə işğalçı Ermənistanı dövlət səviyyasində, bəşəri qanunlar əsasında qınamadı. “Heydər Əliyev Fondu”nun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət ” kompaniyası faciənin tanıdılması, onun mahiyyətinin daha əhatəli açılması istiqamətində müqayisəyəgəlməz təsirə malik oldu. Bu fakt da təsdiqləyir ki, Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir...

Azərbaycan qadını Vətən müharibəsində Zəfər qazanan oğulların anasıdır, bacısıdır. Onların hər biri hər birimizin əzizidir.

Azərbaycan şairlərinin şeirlərində qadın, Ana böyük sevgilərlə tərənnüm olunur. Şeirlər Ana adının, Ananın böyüklüyünün, “qəhrəmanlar anası olduğunun” (S.Vurğun) poetik təqdimatıdır. Cəfər Cabbarlının “Ana” şeirinin finalına bütün azərbaycanlıların Ana sevgisinin möhürbəndi deyərdim: Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, hər birinə can sağlığı, ailə səadəti, qadın xoşbəxtliyi arzulayıram.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Keçidlər