Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda referat-yazı müsabiqəsi keçirildi

11 fevral 2021 | 11:00

9 fevral 2021-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda Yasamal rayonunun orta məktəb şagirdləri arasında onlayn referat-yazı müsabiqəsi keçirildi.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri istiqamətində görülən işlərin daha da genişləndirilməsidir. Müsabiqədə Yasamal rayonu ərazisində fəaliyyət göstərən 23 tam orta məktəbdən 17 mövzu üzrə 61 şagird iştirak etmiş, onlardan 27 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, 10 şagird 2-ci mərhələyə vəsiqə qazanmışdır.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli, məktəb direktorları, məktəblərin tarix müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən, Prezident İlham Əliyevin Şanlı Qələbəmizə həsr olunmuş videoformat şəklində çıxışından və Dövlət Himninin səslənməsindən sonra açıq elan edilib. Tədbiri açıq elan edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova şagirdlərə uğur və müvəffəqiyyətlər arzu edərək müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat vermiş və bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində, gənclərdə milli-həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanmasında, şagirdlərin dünyagörüşü və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirdi ki, Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Qeyd etdi ki, “Vətən müharibəsi-Qarabağ zəfəri” mövzusunda keçirilən yazı müsabiqəsi gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi daşıyıb, şagirdlərin Azərbaycanın şanlı tarixi, vətən övladlarının göstərdiyi qəhrəmanlıq və şücaəti, şəhidlərin şərəfli və nümunəvi həyat yolu keçməsindən bəhs edir.

Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər referat-yazıları ilə çıxış etdilər. Müsabiqədə fərqlənən iştirakçılara Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələr təqdim olunacaq.

Keçidlər