Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin modern çağırışlara və milli maraqlara cavab verməsidir. Həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Şübhəsiz ki, Heydər Əliyev ideyaları dövlət müstəqilliyinin qorunması, inkişaf siyasətinin davam etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm strateji istiqamətləri əhatə edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurucusu ümummilli liderimiz Heydər Əliyev olan ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməyə başlanıldı. Bu, Azərbaycanın ordu quruculuğunda İlham Əliyev mərhələsinin başlanğıcı idi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" inamı ilə ordu quruculuğunun bütün parametrlərinin (maddi-texniki bazanın möhkəmləndirilməsi, ordu quruculuğunun ardıcıllıq və davamlılıq prinsiplərinin qorunması, yeni təfəkkürə malik zabit kontingentinin, ordu quruculuğu siyasətinin formalaşdırılması və s.) genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi. Ordumuz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. "Dünyanın ən qüdrətli ordusu da böyük ideyaların qarşısında duruş gətirə bilməz" - kəlamı Azərbaycanda da öz təsdiqini tapdı. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılmağa başlandı. Müxtəlif təyinatlı taktiki təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasını təmin etdi. İndi Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur.
Aprel döyüşləri “Böyük Qayıdış” prosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Düşməndən azad olunan kənddə quruculuq, abadlıq işlərinə başlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinə qayıtması, bu ilin Novruz şənliklərini doğma ocaqlarında qeyd etmələri güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altında qalan digər torpaqlarımızın da azad ediləcəyinə ümidləri artırdı.
Sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın mübarizə əzminin göstəricisidir. Ali Baş Komandan İlham Əliyev hər zaman prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Dövlət başçısının prinsipiallıq və qətiyyəti sayəsində bölgədə durum dəyişib. Böyük diplomatik məharət, dəqiq, məqsədyönlü, ardıcıl siyasət nəticəsində tarixi qələbəmiz təmin edilib.
Cənab Ali Baş Komandan İlham Əliyev dedi və etdi:
- Biz bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik!
- Biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol verməyəcəyik!
- Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq!
- Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik!
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Belə ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı.
Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Təbii ki, bu müharibənin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək!
Ceyhun Cəfərov
YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin üzvü