Dünya Bankı qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biri olan Dünya Bankı 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Bankın yaradılmasında məqsəd İkinci Dünya Müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi Dünya Bankı dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkələrinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumatlarla və öz məsləhətləri ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir. Dünya bankının fəaliyyət sahəsi geniş olduğu üçün 5 qurum yəni: “Beynəlxalq İnkişaf Assosiasiyası”, “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı”, Beynəlxalq Maliyyə Korporasiyası”, “İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik” və “İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz” Dünya Bankı Qrupunu əmələ gətirir.
Dünya Bankı BMT çərçivəsində fəaliyyət göstərən ən iri maliyyə institutu kimi maliyyə yardımı göstərdiyi ölkələr haqqında hər il həmin ölkələrin illik iqtisadi inkişafına dair hesabat kitabı hazırlayaraq bütün dünyada yayır. İri sahibkarların, investisiya qabiliyyətli böyük şirkət rəhbərlərinin diqqətlə izlədikləri bu hesabat kitabları müsbət iqtisadi göstəricilərə malik ölkələrə bir qayda olaraq xarici investisiyalar və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərir. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” Hesabatı illik əsasda yayımlanır və hər il 31 oktyabr tarixində dərc olunur. İlk dəfə 2002-ci ildən hazırlanmağa başlanmış və ilk hesabat 2003-cü ildə dərc edilmişdir. “Doing Business”-in ilk hesabatında 133 ölkə, 2017 və 2018-ci illərdə isə 190 ölkə qiymətləndirilmişdir.
Hesabatın əsas məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. “Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir. Hesabatda əks olunan 10 indikator birgə Biznesin aparılmasının asanlığı indeksini formalaşdırır.
“Doing Business”-in qeydə alınma prosesi qanunvericiliyin təkmilləşdirilməsi, praktiki icra və sahibkarların istifadəsi nəticəsində müsbət rəyin verilməsi mərhələləri olaraq ardıcıl şəkildə həyata keçirilir. Belə ki, hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir.
Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankına qoşulmuşdur. Amma münasibətlər 1995-ci ilin 14 sentyabrında qurumun vitse-prezidenti Vilfrid Talvitsin Bakıya səfərindən sonra daha da genişlənməyə başlayıb. Səfər zamanı Azərbaycan hökuməti ilə Ümumdünya Bankı arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılıb və vacib sənədlər imzalanıb. Bakıda öz ofisini açan bankın nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə konkret kredit layihələrinin həyata keçirilməsinə başlamışdır.
Dünya Bankının Azərbaycanda əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə DB neft ehtiyatlarını məqsədli idarə etmək üçün, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir.
Ümummilli lider Heydər Əliyev xanım Cudi O'Konnoru 4 mart və 8 iyul 2000-ci ildə və 18 yanvar 2001-ci ildə Bakıda qəbul edərək ölkədə gedən iqtisadi islahatlar haqqında fikir mübadiləsi aparıb. Bu görüşlərdə adətən məqsəd bankın nümayəndəsinin Azərbaycanın baş naziri və hökumətin digər üzvləri ilə apardığı danışıqlar, Azərbaycana ayrılması planlaşdırılan maliyyə vəsaitləri haqqında dövlət başçısına məlumat vermək və Azərbaycan Prezidentinin bu məsələlərlə bağlı mövqeyini öyrənməkdən ibarət olub.
2008-ci ilin yanvarından etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sahibkarlıq subyektlərinin vahid qeydiyyat orqanı kimi Vergilər Nazirliyinin müəyyən edilməsi və “bir pəncərə” metodunun tətbiqi xüsusi rol oynayıb. Bu vaxta qədər yeni hüquqi və fiziki şəxsin ölkədə rəsmi dövlət qeydiyyatına düşməsi bir ay çəkirdisə, 2008-ci il yanvarın 1-dən bunun 3 gün ərzində icra edilməsi təmin olundu.
“Doing Business – 2009” hesabatında bu bənd birinci araşdırılıb və Azərbaycan keçən ilki 64-cü yerdən 13-cü yerə yüksəlib. Həmçinin hesabatda “bir pəncərə” qeydiyyat sisteminin tətbiqi dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı zəruri addımlardan biri kimi qiymətləndirilib. Beləliklə, Azərbaycanda yeni iş qurmaq, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər heç bir maneəsiz qısa müddət ərzində bizneslərini qeydiyyatdan keçirə bilirlər.
Hesabatda həmçinin ölkədə vətəndaşların əmək hüquqlarının qorunması, şirkətlərin əmlak hüquqlarının qeydiyyatı, bank sisteminin inkişafı və s. parametrlər üzrə Azərbaycanın MDB ölkələri ilə müqayisədə öncül yerdə qərarlaşdığı qeyd edilib.
Dünya Bankı Azərbaycanda 2010-cu ildən başlayaraq 11 layihəyə imza atmışdır. Layihələr arasında kənd təsərrüfatı, su təchizatı, magistral yolların çəkilməsi, bərk məişət tullantılarının idarə edilməsi, məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi, həmçinin, “Cənub Qaz Dəhlizi” layihəsi yer almaqdadır.
Azərbaycan əhalisinin təqribən 7 faizi (təxminən 628 000 nəfər) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş və hazırda Azərbaycan məcburi köçkünlərin ümumi əhalidə payına görə dünyada ən yüksək yerlərdən birini tutur. Bu problemin həllinə kömək etmək məqsədilə Dünya Bankı ilə Azərbaycan Respublikası məcburi köçkünlərin yaşayış şəraitinin və iqtisadi güzəranının yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirmişdir.
Dünya Bankının neft sektoruna yardımı neft hasilatı və istehsalına xarici özəl investisiyalar və maliyyə dəstəyini sürətləndirmiş, təlimlər və informasiya sistemlərinin təkmilləşdirilməsi ilə neft subsektorundakı institutları gücləndirmişdir. Dünya Bankı 33,8 milyard ABŞ dollarından artıq məbləğdə neft gəlirinin toplandığı və gələcək nəsillərin faydalanması üçün bu vəsaiti sağlam investisiyalara çevirən Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) yaradılmasına yardım etmişdir. Dünya Bankının maliyyələşdirdiyi Elektrik Ötürücü Sistem Layihəsi hökumətə elektrik enerjisinin istehsalı və ötürülməsini gücləndirməyə yardım etmişdir. Yeni vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması sistemi (SCADA) ölkədə elektrik enerjisinin paylanılması fəaliyyətini müasirləşdirməyə yardım etmiş və “Azərenerji”nin idarəetmə sisteminə texniki yardımı təmin etmişdir. Dünya Bankı Azərbaycanın Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Layihəsində payını dəstəkləmək məqsədilə 400 milyon ABŞ dolları məbləğində krediti təsdiqləmişdir. Cənub Qaz Dəhlizi Proqramının tərkib hissəsi olan TANAP Azərbaycanın Şah Dəniz-2 qaz yatağından hasil edilən təbii qazın Türkiyəyə və bundan sonra Avropaya nəqli ilə Azərbaycanın qaz ixrac bazarlarının diversifikasiyası məqsədi daşıyır.
Ölkədə aparılan hərtərəfli islahatların rolu böyükdür. Bununla da ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyişlər baş verib. Bundan əlavə, ölkə başçısının “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə kompleks tədbirlərin görülməsinə başlanılıb. Hər iki amilin “Doing Business 2015” hesabatında 189 dövlət arasında 80-ci yerdə qərarlaşan ölkəmiz 2016-cı il hesabatında 63-cü, 2017-ci il hesabatında 65-ci, 2018-ci il hesabatında 57-ci olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə 32 pillə irəliləyərək 25-ci pillədə qərarlaşaraq rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib.
Ölkə başçısı cənab Prezident İlham Əliyev 2020-cil il yanvar ayında İtaliyada baş tutan forumda iştirak edərək bildirmişdir ki, “Ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə də biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır”.
Sərhəddə ticarət indikatoru üzrə beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq edilib. Bu da “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə idxal zamanı ölkəyə gətirilən malların şəxslərin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən müstəqil qaydada gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) çıxarılması və malların boşaldılması ilə bağlı üstünlüklər verir. İxrac zamanı isə bu üstünlük gömrük orqanına getmədən ixrac olunan elektron gömrük bəyannaməsini təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi və gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiq olunması və sahibkarlara yanaşmada risk əsaslı yoxlamaların tətbiq olunması idxal zamanı ölkəmizin mövqeyinə öz təsirini göstərib.
Azərbaycan öz ərazisində nəqliyyat infastruktunu tamamlə yeniləşdirib. Nəqliyyat infrastrukturu baxımından Azərbaycan 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə isə 11-ci yerdədir. Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin vasitəsilə ilk dəfə olaraq Türkiyədən Çinə yük daşınma prosesi baş tutmuşdur. Yük 08 dekabr 2020-ci il tarixində Türkiyənin İstanbul şəhərindən dəmir yolu ilə Azərbaycana Ələt stansiyasına gəlmiş, sonra isə Ələt port dəniz limanından Qazaxstana çataraq oradan yenidən dəmir yolu ilə Çinə daxil olmuşdur. Türkiyədən Çinə 1 aya daşınan yük Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə artıq 12 günə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək yük çatdırılmışdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb.
“Müqavilələrin icrası” indikatoru üzrə “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində 4 sahə - məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyi müəyyən edilir. Bununla da ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunması müvafiq sub-indikator üzrə Azərbaycanın göstəricisinin 6,5 baldan 10,5 bala kimi artırılmasına səbəb olub.
Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Respublikada bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təchiz edilib. Azərbaycan elektrik enerjisini ixrac edir. 2020-ci ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dünya miqyasında rekord göstəricidir. 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Yəni, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır.
2014-cü ildən başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatları daha da sürətləndirib. 2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qəbul edilib, struktur və kadr islahatları həyata keçirilib, ölkədə biznes mühitinin yaxşılaşması üçün ciddi addımlar atılıb. Nəticədə, Azərbaycan “Doing Business 2020” hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşmaqla, “Kreditin əlçatanlığı” üzrə 1-ci yeri, “Biznesə başlama” üzrə 9-cu yeri, “Müqavilələrin icrası” üzrə isə 28-ci yeri tutub.
10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanata əsasən, Böyük Vətən Müharibəsi qalibiyyətlə bitmiş, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilib. Tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bununla Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublikada yeni inkişaf mərhələsinə başlanılacaqdır.
Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışaraq deyib: “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər”.
Nigar İmaməliyeva
YAP Yasamal Rayon Təşkilatının
Gənclər Birliyinin üzvü