Şriftin ölçüsü :

Saytın rəngi :

Suyun çirklənməsinin qarşısını almaq və ondan qənaətlə istifadə etmək hamının borcudur

25 iyul 2020 | 11:00

Yer kürəsinin 4 milyard illik inkişafı tarixində həyatın yaranması və biosferin formalaşması proseslərində su həlledici rol oynamış və oynamaqdadır. Hələ qədim zamanlardan bəri dünyanın elm adamları içməli suya daim diqqət yetirmiş, insan həyatında onun misilsiz rol oynadığını qeyd etmişlər. Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilmişdir və onun həlli yolları, təəssüflə qeyd edilməlidir ki, istənilən səviyyədə deyil. Bunun üçün dünya birliyi müəyyən tədbirlər görür və suyun mühafizə olunması və qənaətlə işlədilməsi üçün optimal yollar axtarır. Bu məqsədlə 2005-ci il martın 22-də düna birliyi ümumdünya içməli su gününü qeyd etdi və 2005-2015-ci illər BMT tərəfindən "İçməli su həyat üçün" devizi altında onillik elan olundu. Bu bir həqiqətdir ki, içməli su problemi bəşəriyyəti bir dünyəvi problem kimi narahat edib və etməkdədir. Şirin suyun bir litrinin qiyməti bu gün bəzi ölkələrdə neftlə bərabər səviyyəyə gəlib çatmışsa, gələcəkdə yaranacaq gərgin mənzərəni təsəvvür etmək heç də çətin deyildir. Hazırda bir çox ölkələrdə içməli su ticarət obyektinə çevrilib. Belə ki, Avropanın Almaniya, Niderland, Danimarka kimi inkişaf etmiş ölkələri İsveçdən içməli suyu satın alırlar, Yaponiyada mağazalarda şüşə qablarda Norveçdən gətirilmiş su satılır, 4 milyon nəfər əhalisi olan Honkonq kəmər vasitəsi ilə Çin Xalq Respublikasının kontinental ərazisindən su ilə təchiz olunur. Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur isə Malayziyadan tankerlərlə içməli su alır.

İnsan həyatında suyun misilsiz rol oynadığını nəzərə alan Azərbaycan respub-likasında da içməli suya olan tələbatın ödənilməsi və su mənbələrinin axtarılması işinə daim diqqət yetirmiş və bu gün də ölkə rəhbərliyinin nəzarətindədir. Bu sahədə görülən işlər Azərbaycanın Dövlət müstəqilliyinə qoşvuşduğu illərdən sonra daha da intensiv xarakter almışdı. Bu isə öz təsdiqini bu günlərdə- Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyevin yanında 23 iyul 2020-ci il tarixində Respublikada su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə tapmışdir. 

Müşavirədə qeyd olunmuşdur ki, ölkəmizdə son illərdə əvvəlki illərlə müqa-yisədə uğurlu islahatlar həyata keçirilir. Bütün infrastruktur layihələr ardıcıl oaraq icra edilir. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. İcra olunan infrastruktur layihələri içərisində su təsərrüfatına aid olunan layihələr xüsusi yeri tutur. Ümumilikdə bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf etmişdir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz olduğu halda, bu gün bu rəqəm təxminən 82 faizə çatmışdır. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərinin,  270 milyon kubmetr su tutan, təqribən 30 min hektar suvarılmayan torpaqların suvarılmasına imkan verən Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması, Şəmkirçay, Göy-təpə və Tovuzçay su anbarlarının da inşa edilib xüsusilə qeyd edilməlidir. 

Dövlət səviyyəsində əhalinin su ilə təchiz olunmasına və suların çirklən-məsinin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bütün görülən tədbirlərə baxmayaraq çaylarımızın və sularımızın əvvəlki illərdə olduğu kimi indidə çirklən-dirilməsi prosesi davam etməkdədir. Əslində isə su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Gözləntinin belə çox olduğu bir vaxtda su itkilərinə yol verilməməli və suyun mənbəyi düzgün təhlil edilməlidir. Belə olduqda Su çatışmazlığı olmaz, iqtisadiyyatımıza, kənd təsərrüfa-tının inkişafına, fermerlərin gəlirlərinə ziyan vurulmaz, taxılçılıqda və pambıqçı-lıqda məhsuldarlıq daha yüksək olardı.

Belə ki, bəşəriyyətin “həyat mənbəyi” hesab olunan suların çirklənməsi ətraf mühitə edilən ən ciddi təsirlərdən hesab edilir. Suların çirklənməsi və yaranan ekoloji problemlər cəmiyyətdə təhlükəli proseslər kimi qiymətləndirilir. Su mühitinə düşən zərərli qarışıqların əksər hissəsi axınlar vasitəsilə çirklənmə mənbələrindən çox uzaq məsafələrə aparılaraq geniş sahələrdə ekoloji problemlərin yaranmasına səbəb olur. Su mühitinin mühafizəsi, sudakı flora və faunanın qorunub saxlanılması, suların öz-özünü təmizləməsi xüsusiyyətini saxlaması, sudakı çirkləndirici maddə-lərin xüsusiyyətlərinin öyrənilməsi müasir dövrün ən aktual problemlərindən biridir. Digər tərəfdən içməli suyun çatışmamazlığı problemi, ehtiyat şirin su mənbələri, onlardan istifadə olunması üçün tətbiq olunan texnologiyalar, belə suların istifa-dəçiyə çatdırılması şərtləri bu günümüzün ən aktual məsələlərindəndir. Görülən geniş miqyaslı tədbirlərə baxmayaraq xüsusilə mərkəzi şəhərlərdə su çatışma-mazlığı hələ də qalmaqdadır. Bu problem özünü xüsusilə yay aylarında daha qabarıq göstərir. Bəzən təmiz su həftələrlə kanalzasiyalara axır, və yaxud bəlkə də sahibinin işlətmədiyi iri həcmli su çənlərinə və  hovuzlara (baseinlərə) doldurulur. Əhalinin bir hissəsi isə içmək üçün suya həsrət qalır. Böyük bağ sahibləri həftələrlə içməli su turbası ilə ağac sulayırlar. Belə hallar görülən fasiləsiz işlərə kölgə salır.  Bu prob-lemi aradan qaldırmaq üçün bir sıra adekvat tədbirlərin görülmısi daha məqsədə müvafiq olardı.

Bakıda Su mövsümlər üzrə, qeyri-bərabər və əlverişsiz paylandığından, su anbarlarının tikintisi həmişə vacib məsələ olmuşdu. Hal-hazırda da bu iş öz əhəmiy-yətini itirməmişdır. Yaxşı olardı ki, su anbarlarının tikintisi genişlənəydi. Tikilən su Anbarlarından isə bir çox məqsədlər üşün istifadə edilməsi daha məqsədə uyğun olardı. Bu anbarlardan yalnız suvarma və ya hidroelektrik enerji hasilatı məqsədilə ilə yox , bütün sahələrdə suya olan tələbatların ödənilməsi üçün istifadə edilməsi vəziyyəti yaxşılaşdırardı. Digər bir tərəfdən ağac əkmək bağ salmaq və becərmək hər tərəfli əhəmiyyətli bir işdir. Amma yaxşı olardı ki, bağlara verilən su ilə içməli su fərqlənəydi. Hətta içməli suya qoyulan qiymət fərqi də bizcə edilən israfçılığın qarşısını ala bilər. Belə olduqda su qıtlığının qarşısı alınar və suya olan təlabat vaxtında ödənilərdi.

Azərbaycanda içməli su kimi istifadə edilən Kür, Araz və digər çay sularınin keyfiyyəti  əsasən qonşu ölkələr tərəfindən pisləşdirilir.  Kür çayı hövzəsinə axıdılan tullantı sularının böyük bir hissəsi Gürcüstanın və  Azərbaycanın payına düşür. Kür çayına axıdılan tullantı sularının həcmi, 2000-ci illə müqayisədə 1992-ci ildə orta hesabla 55 faiz çox idi. Ona görəki, zəhərli zavodların fəaliyyəti dayandığına görə, axıdılan tullantıların miqdarı da azalmışdı.

Cənubi Qafqazdakı səth sularının bir hissəsi Türkiyə və İranın ərazilərində formalaşır. Kür və onun əsas qolu olan Araz çayları Cənubi Qafqazın əsas su arte-riyalarıdır. Bu çayların hövzəsində regionun əsas şirin su ehtiyatı cəmləşmişdir.

Kür çayı Türkiyənin Ərdahan vilayətindən, 2470 metr hündürlükdən başla-yır, uzunluğu 1515 kilometr, Kür çayının böyük qolu, Araz çayıdır. Bu çay da   Türkiyədən, hündürlüyü 2990 metrə çatan Bingöl silsiləsindən başlayır. Onun uzunluğu 1072 kilometrdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın su resurslarının 80 % Kür çayı və onun qollarının payına düşür.
Azərbaycan, Gürcüstan və Ermənistanın su mühafizə təşkilatlarının məlumat-larına görə 1992-ci ildə Kürün hövzəsinə 575 milyon kvadratkilometr tullantı suları axıdılmışdır. Onlardan ümumi həcmin 52 faizi Ermənistanın, 43 faizi Gürcüstanın 5 faizi isə Azərbaycanın payına düşür. Sonrakı illərdə həmin respublikalardakı iqtisadi çətinliklərlə əlaqədar bir çox zavod və fabriklərin dayanması səbəbindən bu rəqəmlər bir qədər azalmış, 1998-ci ildə ümumi həcmin 3,7 faizinə düşmüşdür. Bakı və digər böyük şəhərlərdə su paylama şəbəkələrinin köhnəlməsi səbəbindən böyük həcmdə su itkisi yaranır və nəticə etibarilə qrunt suları çirkab suları ilə çirklənir.

Bu çətinliklər göstərir ki, Azərbaycan əhalisi və iqtisadiyyatının şirin su ilə təmin edilməsi bu gün ən vacib problemlərdəndir. Bu problemin aradan qaldırılmasına kömək və dəstək göstərmək hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş- Respublikada su təsərrüfatının vəziyyətinə həsr olunmuş iyul müşavirəsinin əhalinin suya olan təlabatının ödənilməsində və bu sahədə olan problemlərin həl olunmasında böyük əhəmiyyəti olacaqdır

Şikar Qasımov.
                        Azərbaycan Texniki Universiteti, “İctimai fənlər” kafedrasının müdiri, tarix elmləri doktoru,professor.

Keçidlər