Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin beynəlxalq siyasəti: pandemiya və Qoşulmama Hərəkatı

31 may 2020 | 11:00

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Bakı Sammitində təşkilatın sədri seçilib və Azərbaycan təşkilata sədrlik dövründə "Bandunq prinsiplərini" əsas sayaraq beynəlxalq səviyyədə bu təşkilatı təmsil edəcəyini bəyan etmişdir.

Bəs Qoşulmama Hərəkatı (QH) nəyi ehtiva edir? QH – özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv, 17 ölkənin və 10 Beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Beynəlxalq Təşkilatdır. (az.m.wikipedia.orq/wiki/ Qoşulmama hərəkatı)

QH ideyası 1955-ci ildə Bandunq (İndoneziya) Konfransında irəli sürülüb, 1961-ci ildə Belqrad (keçmiş Yuqoslaviya) Konfransında Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Sonradansa Tərəfsiz Dövlətlər Hərəkatı (TDH) adlanıbdır. Bu hərəkat soyuq müharibə gərginliyini azaltmaq, Qərblə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıbdır. QH-a üzv olan ölkələr hərbi bloklara qoşulmur. QH-ı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır və əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir.

QH-nın daimi orqanı və mənzil qərargahı yoxdur. QH əsasən BMT Mənzil qərargahından Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə edilir. İdarəçiliyi qeyri-iyerarxik xarakter daşıyır və rotasiya əsasında fəaliyyət göstərir. Təşkilata üzv olan hər bir dövlət təşkilatın əsas prinsipləri sayılan "Bandunq prinsipləri"ni əsas götürməlidir. Bəs "Bandunq prinsipləri" nədir? Bu prinsiplər:

- BMT Nizamnaməsinə, əsas insan hüquq və azadlıqlarına hörmət;
- Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət;
- Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanınması;
- Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
- BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət;
- Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
- Digər dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
- BMT Nizamnaməsinə uyğun bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
- Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi;
- Ədalət və beynəlxalq öhdəliklərə hörmət etməkdir.

Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. 2019-2022-ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçmişdir. 2012-ci ilin mayında və avqustunda iki dəfə yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib və münaqişənin Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həlli maddədə əks olunub.

2020-ci il mayın 4-də, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında, Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans tipli Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündən sonra, artıq pandemiya dövründə, ikinci dəfə dünya liderlərinin birgə toplantısını təşkil etdi.

Bu Zirvə konfransına BMT Baş Assambleyası sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Afrika İttifaqı Komissiyası sədri də qoşuldu. BMT baş katibi A.Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti C.Borrelli isə videomüraciət ünvanlamış, görüşü təşkil etdiyi və COVID-19-la mübarizədə praktiki nümunə verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyəti müsbət dəyərləndirildi. Nəzərə yetirək ki, çoxsaylı təşəkkürlərin bildirilməsi İlham Əliyevin beynəlxalq səviyyədə nüfuzunun bariz göstəricisidir. QH-ı tarixində ilk dəfə olaraq Avropa İttifaqı rəsmisi Zirvə toplantısında iştirakçı oldu və çıxış etdi. Prezident İlham Əliyev Avropa İttifaqı ilə Qərbə qarşı “əks qütbdə yerləşən” Qoşulmama Hərəkatı ölkələrini Pandemiya zamanı bir araya gətirdi.

Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün lap əvvəlindən bu təşkilat respublikamızın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı surətdə dəstəklədiyini bildirib, qəbul edilmiş bütün sənədlərdə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz bu prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının Venesuelanın paytaxtı Karakasda keçirilmiş iclasında qəbul olunmuş yekun sənəddə də təsdiq olunub. Həmin sənəddə Azərbaycanın mövqeyini dəstəkləyən xüsusi bir bənddə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş müvafiq qətnamələrə baxmayaraq, Ermənistanla Azərbaycan arasında münaqişənin hələ də nizamlanmaması beynəlxalq və regional təhlükəsizliyə, sülhə təhdid mənbəyi olaraq qalır. Qoşulmama Hərəkatının nazirləri BMT Nizamnaməsində göstərilmiş güc tətbiq edilməməsi prinsipinin əhəmiyyətini bir daha təsdiq edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində danışıqlar, dialoq vasitəsilə nizamlanmasının həlli yollarına əməl etməyə səsləyiblər.

Qeyd edək ki, 2019-cu il oktyabrında Bakı Sammitində artıq QH üzvləri Ermənistanı əsl real adı ilə - İŞĞALÇI deyə adlandırdılar! Bu isə, dünya 120 dövlətin, yəni dünya ölkələrinin üçdə iki hissəsinin mövqeyi, qiyməti, siyasi yanaşmasıdır.

Dəyişən dünyada böhran, geosiyasi gərginliklər, COVİD-19 pandemiyası bəlası Azərbaycanın Prezident İlham Əliyev tərəfindən xarici siyasət kontekstində müəyyən olunan strateji hədəflər dövrün tələblərini özündə ehtiva edir və uzunmüddətli perspektivdə Azərbaycan Respublikasının dayanıqlı inkişaf və dövlət təhlükəsizliyinin təminində əsas istiqamətdir.

Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizədə fəal iş aparılır. Prezident İlham Əliyev və Birinci vitse – prezident xanım Mehriban Əliyevanın bu sahədə göstərdikləri geniş istiqamətli səylər, yəni insanların sosial təminatından başlayaraq, sağlamlıqlarına qədər hər bir şəraitlərinə diqqət təqdirəlayiqdir və nümunəvidir.

Prezident İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən QH-nın koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir”. Prezident İlham Əliyev vurğulayır: “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik”.

Rəna Mirzəzadə

AMEA, Fəlsəfə İnstitutu, “Müasir siyasətin
fəlsəfəsi” şöbəsinin müdiri, professor,
AMEA Qadınlar Şurasının sədri

Keçidlər