Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan tərəqqi yolunda: Prezident İlham Əliyevin çoxşaxəli inkişaf siyasəti və onun real nəticələri

21 may 2020 | 11:00

XXI əsrdə qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində hər bir ölkənin qarşısında duran strateji vəzifə, prioritet məsələ müstəqilliyin qorunması fonunda dayanıqlı inkişafın təmin olunmasıdır. Buna müvəffəq olmaq üçün isə hakimiyyət tərəfindən xalqın maraqlarını, dövlətin mənafeyini əks etdirən daxili və xarici siyasət həyata keçirilməlidir. Bu mənada, Azərbaycan nümunəvi reallıqlar formalaşdırmağı bacaran qabaqcıl ölkələr sırasında yer alır.

Azərbaycan nümunəsi: üç mühüm məqam

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin modern çağırışlara və milli maraqlara cavab verməsidir. Həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Yəni Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Şübhəsiz ki, Heydər Əliyev ideyaları dövlət müstəqilliyinin qorunması, inkişaf siyasətinin davam etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi kimi mühüm strateji istiqamətləri əhatə edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs bu kontekstdə mühüm əhəmiyyətə malikdir.

Nüfuzlu ekspertlərin qənaətlərində, reytinq agentliklərinin hesabatlarında Azərbaycanın tərəqqisi kontekstində üç məqama xüsusi diqqət yetirilir: səmərəli sosial-iqtisadi siyasət, sistemli islahatlar və uğurlu xarici siyasətin fonunda qlobal əhəmiyyətli beynəlxalq təşəbbüslər. Sevindirici haldır ki, inkişaf etmiş dövlətlərin aciz vəziyyətə düşdüyü pandemiya şəraitində də Azərbaycan bu xətti – kursu davam etdirir. Belə ki, ölkəmiz örnək xarakterli sosial-iqtisadi siyasəti ilə diqqəti cəlb edir, inkişafa xidmət edən kompleks islahatlar davamlı xarakter daşıyır və respublikamız qlobal müstəvidə həmrəyliyə, əməkdaşlığa xidmət edən məqsədyönlü təşəbbüslər ortaya qoyur.   

Nümunəvi sosial siyasət: Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır

Səmərəli sosial-iqtisadi siyasətdən bəhs edərkən konkret bir reallığı ifadə etmək lazımdır: Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır. Bu inkaredilməz həqiqət pandemiya şəraitində də özünü göstərir.  Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyənləşdirilib. Sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. məsələlər daxildir. Ümumilikdə, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün dövlət büdcəsindən indiyədək 21 tranş çərçivəsində 96 mln. 106 min manat ayrılaraq maliyyələşməsi həyata keçirilib ki, bu da kifayət qədər mühüm göstəricidir.

Beləliklə, iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən əhəmiyyətlisi, əhaliyə birbaşa sosial dəstək göstərilməsi böyük sosial-iqtisadi önəm kəsb edir. Eyni zamanda, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını bir da təsdiq edir.

Davamlı inkişafa xidmət edən mühüm addımlar: kompleks islahatlar və  korrupsiyaya qarşı qətiyyətli mübarizə

Digər mühüm məsələ ölkədə bütün sahələri əhatə edən kompleks xarakterli və sistemli islahatların həyata keçirilməsidir. Bu islahatlar istər məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, istər siyasi sistemin yeni konfiqurasiyasının formalaşması, istərsə də kadr potensialının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkəmizdə aparılan sosial-iqtisadi, institusional və siyasi islahatların önəminə bir daha diqqət çəkərək deyib: “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil”.

Heç şübhəsiz, islahatlara sistemli dəstək kimi korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizənin aparılması xüsusi önəm daşıyır. Sirr deyil ki, Azərbaycan Prezidenti vəzifəyə təyin etdiyi məmurlara müvafiq tövsiyələrini verərək onlara xalqa ləyaqətlə xidmət etmələrini tapşırır. Burada cənab Prezidentin şəxsi nümunəsi hər bir məmur üçün örnək olmalıdır. Şübhəsiz ki, məmurlar da bundan nümunə götürməli və dövlət başçısının onlara verdiyi tapşırıqlardan nəticə çıxarmalıdırlar. Ölkə başçısı deyib: “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər!”.

Təqdirəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib. Bütövlükdə isə, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi uğurlu nəticələrin əldə olunmasına imkan verir. Prezident İlham Əliyevin bəhs olunan məsələyə yanaşması və mövqeyi isə birmənalıdır: “Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Son zamanlar ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni və daha sərt mərhələsinin başlaması isə qarşıya qoyulan hədəflərə çatmağa imkan verməklə yanaşı, vətəndaş məmnunluğunu daha da artırır. Bir müddətdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində beş rayonun - Ağstafa, Biləsuvar, Yevlax, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilib və onlar həbs olunublar. Bununla yanaşı, Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Bütün bunlar onu göstərir ki, rüşvətxorluq, korrupsiya və digər bu kimi neqativ əməllərə yol verənlər qanunun aliliyi, hüququn üstünlüyü prinsipləri və dövlətin mənafeyi əsas götürülərək layiqli cəzalarını alırlar. Bu reallıqlar həm də onu ifadə edir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə israrlı və qərarlıdır!

Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli təşəbbüsləri və ölkəmizin yüksək beynəlxalq nüfuzu

Digər qürurverici məqam və təqdirəlayiq hal Azərbaycanın pandemiya şəraitində də qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa xidmət edən mühüm təşəbbüslərlə çıxış etməsidir. Bu yaxınlarda Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi bu reallığı əks etdirən faktlardandır. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib ki, bu da dövlətimizin, dövlət başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun daha bir nümunəsidir. Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Beləliklə, bu təşəbbüsün sayəsində Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub.

Ümumiyyətlə, Azərbaycan istər reallaşdırdığı transmilli enerji-nəqliyyat layihələri, istərsə də genişmiqyaslı təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Təsadüfi deyil ki, ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır.

Kadr islahatları, gənclərə qayğı və etimad

Şübhəsiz ki, qətiyyətli Liderin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın möhtəşəm nailiyyətləri həm də ölkə gəncliyi tərəfindən böyük iftixarla və sevinclə qarşılanır, təqdir edilir. Azərbaycan gəncliyinin özünəinamını artıran və ölkə həyatının müxtəlif sahələrində, beynəlxalq müstəvidə uğurla təmsil olunmasını şərtləndirən çox mühüm amillərdən biri ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısıdır. Xüsusilə də, gənclərin potensialından səmərəli istifadə olunması, onların dövlət idarəçiliyinin müxtəlif sahələrinə cəlb edilmələri bu baxımdan olduqca önəmlidir. Bu, həm də kadr islahatlarının səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, Azərbaycanda bacarıqlı idarəedici kadrların müəyyənləşdirilməsi və ehtiyat kadr bazasının yaradılmasının təminatına yönəlmiş “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti də bu kontekstdə ayrıca vurğulanmalıdır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla irəliləyən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və ölkəmizin qarşısında aydın perspektivlər açılıb.

Şahzadə MƏDƏTOVA

Keçidlər