Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatı və Azərbaycan

18 may 2020 | 11:00

Azərbaycan müstəqillik əldə etdikdən sonra, hər zaman qlobal proseslərə öz adekvat münasibətini göstərmişdir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun zaman-zaman daha da güclənməsinə səbəb olmuşdur. Dünyanın nüfuzlu qurumlarından olan BMT Baş Assambleyasından sonra ən böyük siyasi təsisat hesab edilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi və bu hərəkata 2022-ci ilədək Azərbaycanın sədrlik etməsi ölkəmizin dünya dövlətləri arasındakı nüfuzunun və müvəffəqiyyətlə yerinə yetirilən uğurlu xarici siyasətin bariz nümunəsidir. Azərbaycan daim insan hüquq və azadlıqlarına ciddi şəkildə önəm verməklə, beynəlxalq hüququn bütün normalarına hər zaman əməl etmişdir. Ölkəmiz müdafiə etdiyi bəşəri dəyərlər baxımından üzv olduğu bütün beynəlxalq təşkilatlarda fərqlənmişdir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir təsisata sədr seçilməsi heç də təsadüfi hadisə deyil. Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən, bütün dünyada sülhün bərqərar olması üçün çalışmış və özünün xarici siyasətini də bu istiqamətdə həyata keçirmişdir. Bütün bəşəriyyətdə sülhün və təhlükəsizliyin təmin olunmasından ötrü səylərini əsirgəməyən hərəkata rəhbərlik etmək üçün Azərbaycandan yaxşı seçim ola bilməzdi. Əminik ki, ölkəmiz özünün multikultural dəyərlər sistemi ilə yanaşı, Qoşulmama Hərəkatına da töhfəsini verəcəkdir. Azərbaycan hərəkatla bağlı mövqeyini bu hərəkata üzv olduğu zamandan etibarən açıq şəkildə dünyaya bəyan etmişdir. Torpaqlarının 20 faizi işğal altında olsa belə, heç bir bloka daxil olmadığını və tərəfsizliyini Qoşulmama Hərəkatına üzvlüklə bildirən Azərbaycanın nümayiş etdirmiş olduğu mövqe bütün dünyada alqışlanacaq dərəcədə alidir. Ölkəmiz hər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki nitqi zamanı ölkə başçımız cənab İlham Əliyev bunu daha açıq şəkildə bəyan etmişdir: “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”. Bu siyasi mövqe isə təcavüzə uğrayan və zərər çəkən tərəf olaraq, Azərbaycanın öz haqlı tələblərini irəli sürməsinə şərait yaradır.

Hər zaman olduğu kimi, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçdiyi dövrdə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının daha da artması səbəbindən,  Ermənistanın hərbi-siyasi rəhbərliyi bir daha iflasa uğradığını başa düşdü. Təbii ki, bu da Azərbaycan Dövlətinin yerinə yetirdiyi düzgün siyasət nəticəsində baş tutdu. Cənab Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bir daha mənfur düşmənlərimizin vandal əməllərini ifşa etdi: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin, təxminən, 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu”. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, insan hüquq və azadlıqlarına hörmətlə yanaşan dövlətimizin həyata keçirdiyi alternativsiz siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Bu gün ölkəmiz ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınırsa, bu, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində baş vermişdir. Onun siyasi irsinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev bu müqəddəs vəzifəni layiqincə yerinə yetirir və hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq, öz uğurlu fəaliyyətini davam etdirir. Azərbaycan xalqı da onun ətrafında sıx şəkildə birləşərək, verilən hər bir qərarı sonadək  dəstəkləyir. Hər bir ölkə vətəndaşı  yaşadığımız son günlər ərzində bir daha bunun şahidi oldu. Yeni növ koronavirus (COVID-19) infeksiyası ucbatından Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada pandemiya elan etdiyi bir dövrdə, yoluxucu xəstəliyin ölkə ərazisində geniş şəkildə yayılmaması və fəsadlarının ağırlaşmaması üçün dövlətimizin atdığı qabaqlayıcı addımlara xalqımız öz dəstəyini ifadə etdi. Bunu söyləməyə əsas verən səbəblərdən biri də cənab Prezidentə vətəndaşlar tərəfindən ünvanlanan minlərlə təşəkkür məktubu oldu. İlham Əliyev bu dövrdə dövlətin əsas məqsədinin vətəndaşları bu bəladan qorumaq olduğunu və xalqın da bu prosesdə, həmişəki kimi,  dövlətin yanında olduğunu bir daha bəyan etmişdir: “Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir”.

Görülən işlər nəticəsində bir daha məlum olmuşdur ki, Azərbaycan Dövləti hər bir vətəndaşının sağlamlığını hər amildən üstün tutur. Bütün qeyd edilənlərlə yanaşı, vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edən bir sıra zəruri tədbirlər də həyata keçirilmişdir. May ayının 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə Görüşü keçirilmişdir. Bütün dünyaya yayılmış koronavirus infeksiyasına qarşı Qoşulmama Hərəkatının 40-a yaxın üzv dövlətinin mübarizə üçün bir araya gəlməsi, təbii ki, təqdirəlayiq hadisədir. Bu səbəbdən, Zirvə Görüşündə iştirak edən dövlət başçıları vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.

Qürurla qeyd edək ki, bu zaman ərzində ölkədə aparılan siyasi, iqtisadi, sosial, mədəni islahatlar bir an səngiməmiş, uğurla davam etdirilmişdir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində, ölkə rəhbərinin tapşırıqlarını yerinə yetirməyən, korrupsiya əməllərinə yol verən Biləsuvar, Neftçala, Ağstafa, İmişli rayonlarının və Yevlax şəhərinin icra hakimiyyəti başçıları, Mədəniyyət nazirinin müavini və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri həbs edilmişdir. Cənab İlham Əliyevin dövlət vəsaitlərini mənimsəmək, sahibkarlardan rüşvət tələb etmək, ictimai işlərə cəlb olunan vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək kimi qanunazidd hallara yol verən dövlət məmurlarına qarşı sərt cəzaların tətbiq ediləcəyini dəfələrlə vurğulamasına baxmayaraq, bu şəxslər öz mənfi əməllərindən vaz keçməmiş, bunun nəticəsində də dövlət tərəfindən layiqli cəzalarını almışlar. “Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər”. Bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən söyləmişdir. Ölkə başçısı, həmçinin qeyd etmişdir ki, “Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.

Biz də gənclər olaraq, dövlət başçısının hər sahədə həyata keçirdiyi islahatları sonadək dəstəkləyir və aparılan gənclər siyasətinə görə,  Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk!

Hüseynov Nicat

Azərbaycan İlahiyyat İnstitutunun
Tələbə Gənclər Təşkilatının sədri

Keçidlər