Şriftin ölçüsü :

Saytın rəngi :

Bəşəri dəyərlərin carçısı, millətin hamisi

19 may 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Covid-19 pandemiyası dövründə apardığı məqsədyönlü fəaliyyəti, eyni zamanda hazırda ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş haqqına göz dikən məmurların cəzalandırılması istiqamətində atdığı qətiyyətli adımları nəzərə aldıqda onu bəşəri dəyərlərin carçısı və millətin hamisi kimi xarakterizə etmək olar.

Azərbaycanın xarici siyasətinin son dövlərdə ən mühüm hadisələrindən biri  Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsidir. BMT-dən sonra dünyanın ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatının bu formatda ilk görüşünün keçirilməsi mühüm tarixi hadisədir. Bu hadisə həm də Azərbaycan Respublikasının və onun Prezidentinin bəşəriyyətin, əsrlərboyu formalaşmış birgəyaşayış dəyərlərinin yenidən dirçəldilməsi üçün təşəbbüsü hesab edilə bilər.

Dünya dövlətlərinin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində belə bir təşəbbüsün göstərilməsi isə ikiqat əhəmiyyətə malikdir. Çünki bu təşkilatın toplantılarında müzakirə edilən məsələlər Birləşmiş Millətlər Təşkilatında müzakirəyə çıxarılan məsələlərə də böyük təsir göstərir. Təşkilatın yeni formatda keçirilən toplantısına BMT Baş katibi Antonio Quterreşin, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqının Komissiyasının sədrinin qoşulması da Azərbaycanın təşkilata rəhbərlik etdiyi müddətdə yüksələn nüfuzundan xəbər verir. Həmçinin, həm təşkilatın üzvü olan dövlətlərin, həm də beynəlxalq təşkilatların Azərbaycanın pandemiya ilə mübarizə modelinə maraq göstərməsindən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiya ilə mübarizənin Azərbaycan modelindən bəhs edərək konfransda demişdir: “Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir.Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır”.

Azərbaycanın tətbiq etdiyi mübarizə modelinin uğurlu olması görüşdə çıxış edən müxtəlif təşkilatların və dövlətlərin təmsilçiləri tərəfindən də vurğulanmışdır. BMT-nin Baş katibi cənab Antonio Quterreşin çıxışında BMT-nin Azərbaycanın göstərdiyi bütün səyləri dəstəklədiyini qeyd etməsi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus “Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir” – deməsi fikrimizi bir daha təsdiq edir.

Bəşəriyyətin xilası naminə humanizm ideyalarının carçısı rolunda çıxış edən Azərbaycan dövləti təkcə çağırışları etməklə qalmır, beynəlxalq təşkilatlara, yardıma ehtiyacı olan ölkələrə müxtəlif formalarda yardımlar göstərir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırması da bu ümumbəşəri ideaların təcəssümü hesab edilə bilər.

Təbii ki, Azərbaycan bütün bu addımları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində təmin etdiyi və möhkəmləndirdiyi maliyyə resursları əsasında atır. Bu isə özü-özlüyündə uzunmüddətli məqsədlərə xidmət edir. Lakin belə bir şəraitdə mərkəzi və yerli icra hakimiyyətlərində vəzifə daşıyan məmurların Azərbaycan dövlətinin humanist təşəbbüslərində sui-istifadə etməyə çalışması, dövlət vəsaitini müxtəlif vasitələrlə mənimsəməsi Azərbaycan xalqına və dövlətinə ən böyük xəyanət, ən böyük zərbədir. Bu baxımdan dövlət strukturlarının sağlamlaşdırılması istiqamətində görülən tədbirlər Azərbaycanın dövlətinin həm daxili, həm də xarici nüfuzunu daha da yüksəldəcək, Azərbaycanda islahatların davamlılığı xalq-iqtidar birliyini daha da möhkəmləndirəcəkdir.

Azərbaycan Milli Elmlər Akademiyasınında çalışan gənc alim və mütəxəssislər də dövlət başçısı cənab İlham Əliyevin bu qətiyyətli addımlarını dəstəkləyir və onun ətrafında sıx birləşmişdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin nümayiş etdirdiyi iradə və qətiyyət ölkədəki islahatları dönməz edəcək, cəmiyyətimizdə rüşvətxorlara əsla yer olmayacaqdır. Bu mübarizədə xalqımız dövlət başçısının yanındadır.

Famin Salmanov 
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru

Keçidlər