Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev - üç cəbhənin Komandanı

18 may 2020 | 11:00

Dünya yeni bir düzənə qədəm qoymaqdadır. Əksər elmi araşdırma mərkəzləri bu qənaətdədirlər ki, koronavirus (COVİD-19) pandemiyasından sonra dünyada geosiyasi proseslər hazırkı durumdan fərqli məcrada inkişaf edəcək, ümumiyyətlə sivil xalqlar gələcək inkişaflarını indiyə qədər olandan fərqli, yeni konsepsiyalar üzərində quracaqlar. Amma bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, pandemiyadan sonrakı inkişaf bu dönəmi necə dəf etməkdən çox asılı olacaqdır. Pandemiyanın finalına  dövlətlərin hansı durumda çatacaqları və növbəti mərhələyə start götürəcəkləri vəziyyətləri onların həm gələcəkdə bir aktyor kimi beynəlxalq münasibətlər sistemində nüfuzunu və həm də əhalinin sosial rifah halının perspektiv vəziyyətində həlledici əhəmiyyət daşıyacaqdır. Hazırkı durum onu deməyə əsas verir ki, iqtisadi cəhətdən inkişaf etmək xalqın təhlükəsizliyinin mütləq mənada təminatı üçün kifayət etmir.

Yuxarıda qeyd etdiklərimi hazırda dünyada cərəyan edən proseslərin ümumi mənzərəsi kimi  də dəyərləndirmək olar. Əlbəttə, Azərbaycan Respublikası da dünyanın bir hissəsi olaraq davam etməkdə olan proseslərin ümumi axınında qarşılaşdığı problemlə ciddi bir şəkildə mübarizə aparır. Lakin qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası  bir çox dövlətlərdən fərqli olaraq hazırda 3 cəbhədə mübarizə, hətta deyərdim ki, müharibə aparır.

Birincisi, cəmiyyətimizdə hər kəsə məlum olan mənfur, işğalçı qonşu Ermənistanla aparılan haqq müharibəsidir. 30 ilə yaxın tarixi olan bu müharibənin son illərini Azərbaycan dövlətinin qələbələri ilə müşayiət olunduğu aydın görünür. Qələbə həm diplomatik səviyyədə, həm də real döyüş şəraitində qazanılır. Real döyüş şəraitində düşmənə layiqli zərbəyə ən bariz nümunə kimi 2016-ci ilin 4 günlük aprel döyüşlərini göstərmək olar. Bu qələbə ilə Azərbaycan dövləti işğal olunmuş ərazilərinin bir hissəsini  düşməndən azad etməklə paralel, eyni zamanda  uzun illər ərzində erməni nasistlərin formalaşdırmağa çalışdığı məğlubedilməzlik mifini də darmadağın etdi, xalqın qələbə ruhunu, qalibiyyət yanğısını təmin etdi. Diplomatik anlamda isə qələbələr silsiləsinin ən möhtəşəmi Rusiya Federasiyasında təşkil olunmuş yüksək səviyyəli, dünya liderlərinin iştirakı ilə keçirilən  Valday Formunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida”  şüarı ilə baş tutdu. Cənab Prezidenti İlham Əliyevin “... bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünya tərəfindən qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir. O cümlədən bu yaxınlarda separatçılar tərəfindən keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmaması və aparıcı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim mövqeyimizi gücləndirmişdir və separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmuşdur.” fikri dediklərimizə bariz nümunədir. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masanın gedişi zamanı verdiyi açıqlama da cənab prezidentin fikirlərinin təsdiqi kimi qiymətləndirilə bilər. İşğalçılıq siyasətini davam etdirən Ermənistan hakimiyyətinin bu zərbələrin təsirindən yaxın müddətdə çıxa bilməsi ağlabatan görünmür. Başqa sözlə desək,  Azərbaycan hakimiyyəti işğal olumuş torpaqlarımızın azad olmasına addımbaaddım yaxınlaşır.

İkinci cəbhə isə koronavirus pandemiyasına qarşı aparılan mübarizə ilə şərtlənir.  Beynəlxalq səviyyədəki pandemiya durumuna istinad edərək müqayisəli təhlil aparsaq aydın şəkildə görərik ki, ölkə rəhbərinin situasiyaya ən doğru adekvat qərarları və həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə bu cəbhədə də vəziyyət qənaətbəxşdir. Hətta əminliklə demək olar ki, ölkədə pademiya ilə mübarizə elmi, praktiki əsaslı kompleks tədbirlər planı ilə nümunəvi bir model formulasına gəlib və artıq bir çox dövlətlər və beynəlxalq təşkilatlar pandemiyanın Azərbaycan modelini nümunə kimi də  qəbul edirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse–prezident Mehriban xanım Əliyevanın davamlı səyləri ilə vətəndaşların gözəgörünməz düşmən – virusla müharibədən az itkilərlə  çıxması üçün həyata keçirdikləri sosial dəstək  proqramları da xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilib. 3.5 milyard manatlıq  yardım paketləri bütün sferaları əhatə etməklə yuxarıda qeyd etdiyim postpandemiya dövrünə müsbət nəticələrlə başlamaq üçün çox böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının qərarı ilə 600000 nəfər nisbətən zəif sosial təminatlı əhalini əhatə edən yardım paketinin də hazırkı karantin rejimində çox böyük qayğı olduğunu etiraf etmək lazımdır. "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır” deyən dövlət başçısının güclü sosial siyasəti əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramlarının hazırlanaraq həyata keçirilməsinə imkan verir. Ötən il Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla əhalinin 42 faizinin, yəni 4,2 milyon nəfərin ciddi sosial dəstəklə əhatə olunması, əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlər, eləcə də digər sosial ödənişlərin məbləğinin əhəmiyyətli dərəcədə, hətta bir sıra istiqamətlər üzrə iki dəfədən çox artırılması  mühüm sosial dəstəkdir və hazırkı pandemiya dövründə də əhali üçün bir sosial dayaq, mühüm sosial müdafiədir. Pandemiya dövründə dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparılması, qeyri-dövlət sektoru üzrə işçilərin məşğulluğunun qorunması məqsədilə pandemiyanın ilk günlərindən ölkə başçısının işəgötürənlərə  müraciəti də görülən kompleks tədbirlərin bir hissəsi olub. Ümumilikdə dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin olunub. Ümumi olaraq mövcud rəqəmləri təhlil edən zaman aydın olur ki, pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı, başqa sözlə desək ölkə əhalisinin 48 faizindən çoxunu əhatə edir. Bu siyahıya Heydər Əliyev Fondunun xətti ilə ilə həyata keçirilən sosial yardımları, digər vətənpərvər, dövlətsevər hüquqi və fiziki şəxslərin dəstəyini də əlavə etsək vətəndaş – dövlət birliyi nəticəsində sosial dəstək tədbirlərinin hansı miqyasda olduğunu hesablamaq hesab edirəm ki, elə də çətin olmamalıdır.  Proseslərin gedişi onu deməyə əsas verir ki, cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğı, eyni zamanda insanlara “Biz birlikdə güclüyük” çağırışı ilə formalaşmış ümummilli həmrəylik pandemiya üzərində tez bir zamanda qələbə qazanılması ilə nəticələnəcəkdir.

Nəhayət, üçüncü istiqamət kimi ölkə başçısı cənab İlham Əliyevin müharibə elan etdiyi, qəti və amansız mübarizə apardığı cəbhə korrupsiyadır. Korrupsiya bütün cəmiyyətlərdə, bütün dövlətlərdə mövcuddur. Korrupsiya dövlətin inkişafını əngəlləyən, onu içindən yeyən, məhvə aparan bir bəladır. Korrupsiya ədalətsizliyin, qeyri-bərabərliyin, saxtakarlığın mayasıdır. Korrupsiya və rüşvətxorluq vətəndaşlarla hakimiyyət arasında üçurum yaradan, insanlarda hökumətə inamsızlığa səbəb olan bir xəstəlikdir. Azərbaycanda korrupsiya və rüşvətxorluqla geniş mübarizəyə hələ sovet dönəmində Ümummilli Lider Heydər Əliyev  başlamışdı.  Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, bu gün də cəmiyyətimizdə bəzi hallarda korrupsiya və rüşvətxorluq hallarına rast gəlinir. Ümidverici hal isə ondan ibarətdir ki, bu problemə qarşı ölkə rəhbərinin iradəsi qətidir. Cənab Prezidentin sözləri ilə desək  “kasıbın malına, ərzaq payına göz dikən”,  “gözləri doymayan”, “xainlər” xalqın Prezidentinə olan sevgisinə kölgə salmağa çalışıblar. Bu əmələri ilə onlar həm xalqına, həm də siyasi rəhbərlərinə xəyanət ediblər. Bəli, XƏYANƏT. Bu əməllərin başqa adı yoxdur. Yayımlanan video kadrlardan sonra utanmadan, xəcalət çəkmədən son sözlərində “Hər şey yaxşı olacaq” demələri sadə vətəndaşlar arasında ciddi ikrah yaradır. Ondan yəqin ki, istintaq prosesində soruşacaq: “bu vəhşiliklərdən, zəif müdafiə olunan insanların qanını sorduqdan sonra sizin üçün nə yaxşı ola bilər axı?.  Amma onu da nəzərə almalıyıq ki, ləyaqətli, vicdanlı, şərəfli insan üçün yad hərəkətləri törətmiş bu şəxslərdən hər şey gözləmək olar. Təəssüf ki, uzun illər ərzində müəyyən havadarlarının, şəriklərinin köməkliyi ilə bu iyrənc əməllərini davam etdiriblər. Nikbinliklə qeyd etmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin açıq və qəti şəkildə ifadə olunan “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər!” mövqeyi, “Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq” münasibəti və bunun əməli təsdiqi olaraq həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan bu cəbhədə də Ali Baş Komandanın rəhbətliyi ilə parlaq qələbə çalacaqdır.
Üç cəbhədə mübarizə aparan cənab Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevə xitabən demək istəyirəm ki, cənab Prezident, Azərbaycan xalqı Sizin bütün qərarlarınızı dəstəkləyir. Xalq həmişə Sizinlədir!

Daşqın Qənbərov

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin şura üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent

Keçidlər