Şriftin ölçüsü :

Saytın rəngi :

Qaydalara əməl etmək sağlamlığımızı qorumaqdır

16 may 2020 | 11:00

Ölkəmizin koronavirus bəlasından az itki ilə çıxması yolunda qazandığımız uğurların əsas səbəbi dövlət başçımızın insan amilinə verdiyi yüksək dəyərdir. Bu təhlükəli virusun tüğyan etdiyi bir vaxtda həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar, karantin rejiminin tətbiqi müsbət nəticələrini göstərməkdədir. Biz də dövlətimizin gördüyü tədbirlərə dəstək verərək, qaydalara ciddi əməl etməli, əsaslı səbəb olmadan evdən çıxmamalı və yoluxma riskini bu yolla azaltmalıyıq. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirusla mübarizədə fədakarcasına çalışmaları, gördüyü işlər ölkə vətəndaşlarının sağlamlığının qorunmasına yönəlib.

Xüsusi karantin rejiminin yumşaldıl­masından, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasından sonra bəzi insanlarda arxayınçılıq yaranıb. Onlar ehtiyac olmadan evdən çıxır, qoruyucu vasitələrdən istifadə etmir, karantin rejimini pozurlar. Belələri unudurlar ki, özləri ilə bərabər ətrafı da təhlükə altına alırlar. Bəzi insanlar dolanı­şıqlarının pis olmasını desələr də, bunlar bir bəhanədir. Çünki koronavirus ölkəmizdə müşahidə olunan gündən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İş yerləri müvəqqəti bağlanmış sahibkarlara, o cümlədən işsizlərə dövlət tərəfindən yardım göstərilir, zəruri ərzaq məhsulları paylanılır. Bir sözlə, imkansız ailələr bir an da olsun diqqətdən kənarda qalmır. Bütün bunlardan sonra niyə qaydalara əməl etməməliyik?

Hamıya məlumdur ki, dünya dövlətləri ilə müqayisədə koronavirusun Azərbaycanda elə böyük fəsadı olmadı. Amma, bu, heç kimdə arxayınlıq yaratma­malıdır. Ona görə də ayıq-sayıq davranmalı, qoyulan qaydalara tabe olmalı, verilən tövsiyələrə əməl etməliyik. Xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması zəruri bir prosesdir. Amma, bu vəziyyətdən sui-istifadə etməyin, məsuliyyətsiz davranmağın fəsadları daha ağır ola bilər. Ona görə də unutmamalıyıq ki, xəstəliyin dinamikasında artım müşahidə olunarsa, karantin rejiminin yenidən sərtləşdiriləcəyi istisna deyil. Bu barədə Nazirlər Kabineti yanında yaradıl­mış operativ qərargah da mütəmadi olaraq xəbərdarlıq edir.

Koronavirusun geniş yayılmaması və insanları uzun müddət təşvişdə saxlama­ması bizim özümüzdən asılıdır. Profilaktik tədbirlər mütləq qorunmalı, sanitar qaydala­ra riayət olunmalı, “Evdə qal!” çağırışlarına əməl edilməlidir.

Vaqif MƏMMƏDOV,
Yasamal Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Xalq qəzeti

Keçidlər