Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Prezidentə sədaqətlidirlər

08 may 2020 | 11:00

YAP Yasamal Gənclər Birliyinin bir qrup fəalının dövlət başçısına ünvanladığı məktublar da bunu təsdiqləyir

Bu baharı xalqımız da bütün dünyada olduğu kimi, koronavirusla mücadilə şəraitində qarşıladı. Mart-aprel aylarında keçirdiyimiz həyəcanlar arxada qaldı. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa dərin məhəbbətinin, dövlətə sədaqətinin bariz nümunəsi deməkdir.

Mütəxəssislərin gəldiyi qənaətə görə, özünütəcrid, "evdə qal!” kampaniyası hələ bir müddət davam etdirilməlidir. Yaşı 65-dən yuxarı olan vətəndaşlarla bağlı xəbərdarlıqlar yaddan çıxarılmamalıdır. Çünki onların bu virusa yoluxma riski daha çoxdur. Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlər sanitar-epidemioloji şəraitdən asılı olaraq, mərhələli şəkildə yumşaldılmalıdır. Əlbəttə, epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər tətbiq oluna bilər.

Məhz buna görə də hazırda hər şey virusa yoluxmaya qarşı mübarizədə insanların davranışından, yəni müəyyən edilən qaydalara əməl etməsindən asılıdır. Məhdudiyyətlər götürülsə belə insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları yenidən arta bilər.

Ölkədə dövlətçiliyə sədaqətli, yüksək intellektli gənc nəsil formalaşır

Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlərin keçirilməsinin hələ bir müddət təxirə salınması da vacib hesab edilən məsələlərdəndir. İnsanlar hələ ki, "2 metrlik məsafə saxla” tələbinə əməl etməlidirlər. Bütün bunlar, təbii ki, kampaniyanın növbəti mərhələsinə keçidlə bağlıdır. Əsas məsələ xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, ara məsafənin saxlanması və s. qaydalara riayət olunmasıdır.

YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyi fəallarının Azərbaycan Prezidentinin elektron poçtuna ünvanladıqları məktublardan da görmək olar ki, ölkədə dövlət başçısının həyata keçirdiyi sosial siyasət xalq-hakimiyyət birliyini hansısa bir epidemiya, yaxud pandemiyaya görə sarsıda bilməz.

Fuad Həbibzadə məktubunda yazır: "Hörmətli cənab Prezident! Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bildiyimiz kimi, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli şəkildə addımlar atılır. Biz bu çətinliyin öhdəsindən birlikdə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə YAP Yasamal gənclərinin hər bir üzvü Sizə təşəkkür edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayır”.

Biz bu çətinliyin öhdəsindən birlikdə gələcəyimizə inanırıq

Bütün dünyanı çənginə almış koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində bir daha öz Prezidentinin çağırışlarına səs verərək, könüllülük prinsipi əsasında sosial yardımların göstərilməsində var qüvvələri ilə çalışan gənclər adından dövlət başçısına təşəkkür edən Rəşadət Xalıqov məktubunda yazır: "Hörmətli cənab Prezidentimiz, gəncliyin himayədarı və sadiq dostu möhtərəm İlham Əliyev, Sizin uzaqgörən siyasətinizin, hadisələrə real qiymət verməyinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları YAP gənclərindən biri kimi mən də alqışlayıram.

Cənab Prezident, əminik ki, Sizin ağıllı və uzaqgörən siyasətiniz, xalq-iqtidar birliyi sayəsində bu tarixi sınaqdan da uğurla çıxaraq dövlətimizin qüdrətini dünyaya bir daha sübut edəcəyik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.

Nigar Abbasova isə məktubuna belə başlayıb: "Hörmətli Cənab Prezident!

Son zamanlar dünyada yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana olan təsiri nəticəsində bir çox sahələr zərərə məruz qalsa da, dövlət tərəfindən görülən bütün lazımi tədbirlər nəticəsində maksimum dərəcədə vətəndaşlarımızın sağlamlığı qorunmuşdur. Biz atılan hər bir addımda şahidi oluruq ki, Azərbaycan xalqının sosial rifahı, sağlamlığının qorunması dövlətin başlıca məqsədidir”.

YAP gənclərinin fəallarından olan N.Abbasova daha sonra qeyd edir ki, bütün bunlar mart ayından bəri qəbul edilən qərarlarda, dövlət başçısı tərəfindən imzalanan sərəncamlarda öz əksini tapmışdır. Ən əsası isə bu müddət ərzində millətimiz də dövlətlə həmrəylik nümayiş etdirmiş, bir-birinə dəstək olmuşlar: "Sizin başlatdığınız Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına və digər aksiyalara Yasamal rayon gəncləri öz dəstəyini bildirir. Ümid edirik ki, bu vəziyyət tezliklə bitəcək. Sizə uğurlar arzu edirik!”

"Cənab Prezident! Siz gəncləri daim dəstəkləmisiniz, nəsihətamiz ifadələrinizlə yolumuza işıq saçmısınız”

Nilufər Cəfərova da Azərbaycan Prezidentinə təşəkkür məktubu yazan gənclərdən biri və həm də YAP Yasamal Gənclər Birliyinin fəallarındandır. Karantin dövründə sosial yardımların paylanmasında könüllülərin sırasında o da xidmətini əskik etməyib. Yazır ki, hörmətli cənab Prezident, Sizin başçılığınızla respublikamızda gənclərə çox böyük qayğı göstərilir, dövlətçiliklə bağlı əzəmətli işlər görülür, onların dünyagörüşlərinin artması yolunda mühüm məsələ olan tədbirlər həyata keçirilir. İnanırıq ki, ölkəmizdə hər bir Azərbaycan gənci Sizin xalq üçün gördüyünüz işləri yüksək qiymətləndirir, Sizə güvənir və dəstəkləyir.

Bu gün xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşması əhvali-ruhiyyəsi yaranmağa başlayıb. Lakin unudulmamalıdır ki, koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən kampaniya daha intensiv şəkildə yenidən təkrarlanmalıdır. Yəni karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım və prosesin ikinci dalğası başlaya bilər.

Onu da unutmayaq ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi çox vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi əməl olunmalıdır.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”

Keçidlər