Şriftin ölçüsü :

Saytın rəngi :

Daim cənab Prezidentlə birlikdə olacağıq!

07 may 2020 | 11:00

Azərbaycan öz tarixinin ən şanlı və şərəfli illərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sarsılmaz qətiyyəti, cəsarəti, atdığı siyasi diplomatik addımlarının nəticəsində müəllifi Ulu Öndər Heydər Əliyev olan qüdrətli Azərbaycan dövləti yeni bir mərhələyə qədəm qoymuşdur. Cənab İlham Əliyevin Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, bununla da ölkəmizin siyasi suverenliyinin əbədiləşdirilməsi sahəsindəki xidmətləri Heydər Əliyev ideyalarının təntənəsidir. Bu ideyaların həyata keçirilməsində müstəsna xidmətləri olan ölkə Prezidenti kimi Azərbaycan xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən cəmiyyətin aşılanmasına və məhvinə doğru aparan korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və cəsarətli mübarizəni xalqımız yüksək qiymətləndirir. Bəzi dövlət məmurları tərəfindən ölkəmizə xələl gətirən bu əməllərə qarşı yorulmaq bilmədən aparılan döyüşdə biz ziyalılar da ön sıralardayıq. Korrupsiyaya və rüşvətxorluğa bulaşmış bu şərəfsiz insanları müstəqilliyimizin ilk illərində vətənimizə və xalqımıza xəyanət edən, şəxsi maraqlarını milli mənafelərimizdən üstün tutan o simasız və çirkin insanlarla müqayisə etmək olar. Onların törətdiyi əməlləri isə müstəqilliyimizə arxadan vurulan zərbə, müstəqil respublikamıza, vətənimizə edilən xəyanət kimi dəyərləndiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə əsasən dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş yeni səhiyyə və ”Tibbi maska istehsalı” müəssisələrinin açılması, xüsusi karantin rejimi şəraitində qabaqlayıcı addımların atılması, mövcud vəziyyətdən zərərçəkən bütün insanlara dövlət dəstəyinin, maddi yardımın göstərilməsi sahəsindəki xidmətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çox yüksək qiymətləndirilir.

Bütün sahələrdə olduğu kimi,  koronavirus pandemiyasına qarşı aparılan qətiyyətli mübarizədə də ölkəmizin təntənəli qələbə çalacağına vətəndaşlarımız bütün varlığıyla inanır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun qaldırılmasında müstəsna rol oynamış sülhməramlı hərbi əməliyyatlarda fəal iştirakımız, islamafobiya, ksenafobiya, antisemitizm kimi dünya ölkələrini sarsıdan təhlükəli meyllərə qarşı aparılan davamlı mübarizə, terrorizmə və separatizmə qarşı mübarizədə qətiyyətli və cəsarətli siyasi fəaliyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində atılan mühüm siyasi-diplomatik addımlar, qüdrətli Azərbaycan Ordusu  yaradılmasıyla bağlı böyük xidmətlər Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.

Buna baxmayaraq ölkənin bu ağır pandemiya dövründə bəzi məmurlar cənab Prezidentin etimadını doğrultmayaraq, prezidentin sözüylə desək dövlətə xəyanət edirlər. Biləsuvar, Ağstafa, Yevlax, Neftçala, İmişli şəhər və rayonlarının icra hakimiyyəti başçıları, bir çox rayonlarda inzibati ərazi dairələri  üzrə nümayəndələrin dövlət tərəfindən aztəminatlı ailələrə ayrılan ərzaq yardımlarını mənimsəmişlər. Ölkə rəhbərliyinin Azərbaycan xalqı qarşısında dövlətçiliyimiz naminə tarixi xidmətlərinin fonunda bəzi dövlət məmurlarının yol verdikləri qanunazidd əməlləri bir daha pisləyir, onlara qarşı daha sərt tədbirlərin həyata keçirilməsini dəstəkləyir, bu mübarizədə daim cənab Prezidentlə birlikdə olacağımızı bəyan edirik və uğurlar arzulayırıq.

Yasamal rayon Ziyalılar cəmiyyətinin sədri
Rasim Nəbiyev

Keçidlər