Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi

28 fevral 2020 | 11:00

Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə cari ilin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə və fevralın 4-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunan məsələlər haqqında iclas iştirakçılarına ətraflı məlumat verildi. Qeyd olundu ki, ölkə başçısı müşavirədə və konfransdakı çıxışlarında 2019-cu ilin sosial-iqtisadi inkişafını, beynəlxalq və regional ictimai-siyasi prosesləri geniş surətdə təhlil edərək, həmçinin, qarşıda duran mühüm strateji hədəfləri də müəyyən etmişdir. Son bir neçə ildə ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar paketi həyata keçirilmiş, bu islahatlar sosial, iqtisadi, idarəetmə və digər sahələri əhatə etmişdir. İslahatların həyata keçirilməsində bir məqsədi var: Azərbaycan vətəndaşının maddi rifah səviyyəsini daha da yüksəldilməsi. Məhz buna görə, qeyri-neft sektoruna yeni investisiyalar cəlb edilir, iqtisadiyyat daha şəffaf prinsiplər üzərində qurulur, korrupsiya ilə mübarizə aparılır. Eyni zamanda ölkədə idarəetmə sistemi təkmilləşdirilir və idarəçiliyə yeni kadrlar cəlb edilir. Bütün bu islahatlar Azərbaycanı daha firavan və daha güclü etmək məqsədi daşıyır.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hesabat məruzəsində iclas iştirakçılarının nəzərinə çatdırdı ki, 2019-cu ildə ölkədə həyata keçirilən iqtisadi islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Bu dövrdə 404 106 200 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda xidmətlərin həcmi 1,4 faiz artaraq 2 506 964 400 manat, rabitə xidmətlərinin həcmi 5 faiz artaraq 718 650 700 manat olmuşdur. Əsas kapitala 905 354 800 manat məbləğində vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

Tikinti müəssisələrinin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 850 525 500 manat məbləğində qeydə alınmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 785 002 700 manata bərabər olmuşdur ki, bunun da 10,6 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İaşə müəssisələrinin dövriyyəsi 68 177 000 manata bərabər olmuşdur. Muzdlu işçilərin sayı 40,2 faiz artaraq 148 105 nəfərə, işçilərin orta aylıq əmək haqqı 686 manata bərabər olmuşdur.

Ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri hesab edir. Hesabat dövründə Yasamal rayon Məşğulluq Mərkəzinə 8720 nəfər vətəndaş müraciət etmiş, onlardan 8576 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 4332 nəfər daimi işlə, 2006 nəfər isə ötən ildən fəaliyyətə başlamış ilk DOST Mərkəzi tərəfindən sosial işlərlə təmin olunmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilərək cari ildə 18 ünvanda abadlıq işləri görülmüşdür. Yeni Yasamal-2 yaşayış massivində 4 və 5, 8 və 9 nömrəli evlərin, Parlament prospekti 2, 4 və 6 B nömrəli evlərin qarşısında, Talıblı küçəsi 36, 40 və 42, H.Zərdabi küçəsi 77, 81, 81 A və 87 nömrəli evlərin ətrafında, Yeni Yasamal-1 yaşayış massivində 1, 2, 3, 4, 7, 8, 10, 11 və 12 nömrəli evlərin həyətlərində abad məhəllələr yaradılmışdır. H.Cavid prospekti, Ə.Ələkbərov, T.Şahbazi küçəsi, Ə.Haqverdiyev, Eldar Ağayev küçəslərində, 333-cü məhəllədə və digər ünvanlarda 8500 kv.m asfalt örtüyü təmir olunmuşdur.

Ötən ilin sonundan başlayaraq qanunsuz tikililərə qarşı mübarizə tədbirləri gücləndirilmiş, ümumilikdə 50-yə yaxın ünvanda zəbt edilmiş ərazilərin ətrafına çəkilmiş çəpər və hasarlar, qanunsuz tikililər sökülmüşdür.

Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən 21 yaşayış binasında 6300 kv.m müxtəlif materiallardan olan dam örtüyü təmir edilmişdir. 38 ünvanda məişət tullantıları konteynerləri üçün meydança tikilmişdir, tutumu 1 kub.m olan 492 ədəd plastik konteyner alınaraq rayon ərazisində yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli 868 nömrəli Fərmanının 2-ci bəndinə əsaslanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pilot layihə”lərlə bağlı Qərarları, o cümlədən 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı ləğv edilmiş və 1 avqust 2018-ci il tarixə qədər icrasına başlanmış layihələrin davam etdirilməsi qaydaları müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot Layihə”lərin icrası ötən il uğurla davam etdirilmişdir.

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən Yasamal rayonu ərazisində yaşayışa buraxılan, lakin istismara qəbul olunmayan 125 çoxmənzilli yaşayış binası müəyyən edilmiş və ilin sonuna qədər bunlardan 88 binanın istismarına icazə sənədləri verilmişdir, bu isə yaşayış evlərinin sənədləşdirilməsi sahəsində ümumi işin 70,4 faiz icrasının təmin olunması deməkdir.

“Sovetski” adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Yasamal rayonu ərazisində yerləşən “Təzəpir” məscidinin qarşısındakı yeni parkın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etmişlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il və 572 nömrəli 29 dekabr 2018-ci il tarixli Qərarları ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması müəyyən edilmişdir. Qeyd olunan qərarların icrası ilə əlaqədar yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasına 2018-ci ilin may ayından başlanmış və hal-hazıradək 2002 ailənin yaşadığı 1964 obyektin dövlət ehtiyacları üçün satınalınması təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 087 842 manat məbləğində əlavə maddi yardım ödənilmişdir.

Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində yaşayış kompleksinin tikintisi başa çatdırılmışdır. Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaşayış kompleksində istifadəyə verilən 161 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşularaq Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində hal-hazırda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması məqsədi ilə 11 nömrəli körpələr evi-uşaq bağçası sökülərək yeni, daha müasir məktəbəqədər müəssisənin inşası başa çatdılmışdır. İyun ayının 13-də körpələr evi-uşaq bağçasının açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Həmin gün Mehriban xanım Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olaraq təmir-bərpa işlərinin aparılmasına göstəriş vermişdir. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın bu tapşırığı yeniyetmə və gənc nəslin mədəni və mənəvi inkişafına diqqət və qayğısı kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılmasına dair tapşırıqlarının icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən əsasən təmin edilmişdir.

Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Su-kanal İdarəsi və Bakı Regional Qaz Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən əhaliyə kommunal xidmətlər sahəsində ciddi problemlər müşahidə olunmamışdır. Lakin bir-neçə yerdə qurumuş ağacların aşması hallarına bir daha diqqət çəkərək, hesab edirəm ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayon Yaşıllaşdırma Sahəsi bu kimi hallardan nəticə çıxarmalı və ilboyu budanma işlərinin təşkilinə diqqəti artırmalıdır.

Bundan başqa, “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunmayan əhalinin, hüquqi və fiziki şəxslərin təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri davam etdirilməlidir.

Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayon əhalisinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin profilaktikası istiqamətində bir sıra işlər görülmüş və rayonun epidemioloji durumu əsasən diqqət mərkəzində saxlanılmışdır. Dünyanın bir çox yerlərdə yoluxucu xəstəliklərin tüğyan etdiyi indiki şəraitdə rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayonun səhiyyə müəssisələri əhali arasında maarifləndirici, profilaktik tədbirlərin miqyasını genişləndirməklə bu sahəyə diqqəti maksimum artırmalıdırlar.

Bu gün ən aktual məsələlərdən biri olan qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə bərabər ət kəsimi yerlərinin müəyyən olunması məqsədi ilə işlər aparılaraq aidiyyəti üzrə təkliflərlə müraciət olunmuşdur.

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən ötən ildə bir çox səmərəli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Rayon Gənclər və İdman İdarəsi ölkə rəhbərliyinin müəyyən etdiyi gənclər siyasəti istiqamətində tədbirləri bundan sonra da davam etdirməlidir.

Ötən ildə tarixi, əlamətdar və bayram günlərinə həsr olunmuş tədbirlər davam etdirilmiş, ulu öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə və anım günlərinə həsr olunan silsilə tədbirlər, 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan anım tədbirləri, Alman faşizmi üzərində qələbənin 74-cü ildönümü, 28 May – Respublika Günü, Ramazan bayramı, Milli Qurtuluş gününə, ədliyyə işçilərinin peşə bayramına, 5 dekabr – Beynəlxalq Könüllülər Gününə, İmadəddin Nəsiminin 650 illik yubileyinə, Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illiyinə, və digər çoxsaylı tədbirlər keçirilmişdir.

Novruz və Ramazan bayramları ərəfəsində rayon sakinlərinə daha ucuz və keyfiyyətli məhsulların təqdim olunması məqsədi ilə Hüseyn Cavid prospektində və Seyfəddin Dağlı küçəsində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunmuşdur. Lakin bu yarmarkanın fəaliyyət göstərməsi yol-nəqliyyat hərəkətinə maneçilik törətməsi və şəhərin mərkəzi ərazisinin görünüşünə xələl gətirməsi ilə əlaqədar yerinin dəyişdirilməsinə görə Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu il martın 15-dən 18-dək və noyabrın 18-dən 21-dək «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən rayonun Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda fəaliyyət göstərən kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin təsdiq edilmiş qrafikə uyğun olaraq kütləvi ekskursiyaları ötən il də davam etdirilmişdir.

Yasamal rayonumuzun ərazisində fəaliyyət göstərən ali, orta-ixtisas və tam orta təhsil müəssisələri şəhər və rayon əhəmiyyətli tədbirlərdə daim fəal iştirak edirlər. Təhsil müəssisələrimizin professor-müəllim heyətlərinin, pedaqoji kollektivlərinin səyləri nəticəsində təhsil sahəsində ötən tədris ilində əldə edilmiş nailiyyətlər hal-hazırdakı tədris ilində uğurla davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən ildə fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirlərinə başlanılmış, müəyyən olunmuş müddət ərzində icbari tibbi müayinə tədbirləri rayonun səhiyyə müəssisələri tərəfindən başa çatdırılmışdır.

2019-cu ildə rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 4029, 2018-ci ildə 3116 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılması əsasən təmin edilmişdir. Burada birmənalı şəkildə bildirməliyəm ki, ötən ilin sonundan başlayaraq sakinlərin rayon İcra Hakimiyyətinə kütləvi surətdə müraciətləri müşahidə olunur. Vətəndaşların müraciətlərinin kəskin şəkildə artması Yasamal rayon İcra Hakimiyyətinə etimadın artmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Rayon İcra Hakimiyyəti Başçısının ötən ildə rayon sakinləri ilə 42 səyyar qəbul-görüşü keçirilmişdir, burada 7000 nəfərdən çox rayon sakini iştirak etmiş, rayon sakinləri tərəfindən 715 müxtəlif məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət edilmiş, müraciətlər demək olar ki, öz müsbət həllini tapmışdır.

Ötən il dekabrın 23-də ölkəmizdə, o cümlədən rayonumuzda bələdiyyə seçkiləri keçirildi və artıq rayon bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Bu il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilmişdir. Ölkə üzrə seçki dairələrinin mütləq əksəriyyətində olduğu kimi Yasamal rayonundakı seçki dairələrində də seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilmişdir.

Seçkilərlə əlaqədar “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35-ci, 46-cı, 87-ci və 98-ci maddələrində nəzərdə tutulan bütün zəruri tədbirlərin həyata keçirilməsi Yasamal rayon İcra Hakimiyyəti tərəfindən tam həcmdə təmin edilmişdir. Məntəqə seçki komissiyaları üçün yerlərin ayrılması, təşviqat lövhələrinin yerləşdirilməsi, daimi seçici siyahılarının dəqiqləşdirilməsi məsələləri ilə əlaqədar olan bütün zəruri tədbirlər Mərkəzi Seçki Komissdiyasının müəyyən etdiyi Təqvim Planına uyğun olaraq həyata keçirilmişdir. Rayonumuzdakı seçki dairələrində və seçki məntəqələrində seçkilərin nəticələrinə mənfi təsir göstərə bilən ciddi qanun pozuntularının qeydə alınmamışdır.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hesabat məruzəsinin sonunda bildir di ki, ötən ilin əvvəlindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı, əhalinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş kompleks xarakterli fərman və sərəncamlar ilə bu sahədə köklü islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqlərində qeyd etmişdir ki, islahatlar dönmədən davam etdiriləcək, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər ilə eyni zamanda sosial problemlərin həlli istiqamətində iri həcmli işlər həyata keçiriləcəkdir. Sənədsiz evlərdə yaşayan vətəndaşların mülkiyyət hüquqlarının qorunması, aztəminatlı və imtiyazlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, o cümlədən Bakı şəhərində abadlıq-quruculuq, nəqliyyatın inkişafı, mənzil fondunun qorunub saxlanması, eləcə də ölkəmizin nüfuzunun daha da artırılması məqsədi ilə bir sıra beynəlxalq konfranslar, forumlar, idman yarışları və sairə tədbirlər həyata keçiriləcəkdir. Bütün bu tədbirlər təşkilatçılarla bərabər yerli idarəetmə orqanlarının, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin, digər aidiyyəti qurumların, bütün idarə, müəssisə və təşkilatların məsul şəxslərinin üzərinə mühüm vəzifələr müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yerli icra hakimiyyətləri, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti qarşısında konkret vəzifələr və hədəflər müəyyən olunmuşdur. Yasamal rayon İcra hakimiyyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq və ölkə rəhbərliyinin müəyyən etdiyi vəzifələrin icrası təmin ediləcəkdir.

Hesabat iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi T.Tağıyev, Yasamal rayonunun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Hesabat məruzəsi ətrafında çıxışlardan sonra qərar layihəsi müzakirə olunaraq qəbul olundu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Yasamal rayon ictimaiyyəti adından müraciətin mətni təsdiq edildi.

Keçidlər