Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ələsgər Ələkbərov küçəsinin sakinlərinin problemlərini dinlədi

20 fevral 2020 | 11:00

Fevralın 20-də Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov növbəti səyyar qəbul-görüşünü 2 nömrəli sahə inzibati dairəsinin ərazisində, Ələsgər Ələkbərov küçəsinin sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Prezident İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyətlərinin ay ərzində 4 dəfə sakinlərlə səyyar qəbul-görüşlər keçirdiyini diqqətə çatdırdı: “Bu görüşlərin əsas məqsədi məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olması, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yanaşmasından ibarətdir”.

Sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar barədə sakinlərə məlumat verərək, dövlətimizin güclənməsindən, iqtisadiyyatımızın daha yüksək inkişaf mərhələsinə çatmasından və əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəlməsi üçün görülən tədbirlərdən danışdı. Həmçinin ölkə başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açaraq rayon ərazisində də həyata keçirilən bu kimi işlərin dövlət başçısının vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər etdilər.

Sonda icra başçısı Elşad Həsənov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Səyyar qəbul-görüşdən sonra Mirzə Ağa Əliyev küçəsi, dalan 9, ev 6 ünvanının keçmiş sakini I qrup əlil Cahangirova Aytəkin hal-hazırda yaşadığı ünvana baxış keçirilməsini xahiş etdi. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayon sakininin müraciətini nəzərə alaraq, sözügedən ünvana baş çəkdi və mövcud şəraitlə yerindəcə tanış olaraq problemin araşdırılacağını diqqətə çatdırdı.

Keçidlər