Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi açılıb

18 fevral 2020 | 11:00

Fevralın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyi, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi açılıb. Sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 120 rəssamın 150-yə yaxın işi nümayiş olunub. Əsərlər Gürcüstan və Azərbaycanın əsrlərə söykənən dostluğunu və hər iki ölkənin təbiətini, həyat tərzini özündə əks etdirir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və xanımı, həmçinin Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev və xanımı, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, rəssamlar, rayon ictimaiyyəti iştirak etdilər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər.Sonra rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Azərbaycanla Gürcüstan arasında olan dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlərin fonunda keçirilən sərgi xalqları bir-birinə daha da yaxın edir. Bu siyasətin təməlini Ulu Öndər Heydər Əliyev qoyub və dostluq münasibətləri bu gün də davam etdirilir. Qeyd edib ki, bu gün ölkələrarası mədəni yüksəliş özünün ən gözəl dövrünü yaşayır. Azərbaycan və Gürcüstan irimiqyaslı layihələrə rəhbərlik edir və bir çox məqamlarda tərəfdaş ölkədirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları mövcuddur ki, bu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Gürcüstan Respublikasının ölkəmizdəki səfiri Zurab Pataradze çıxışında iki ölkə arasında olan mədəni əlaqələrə toxunaraq bildirib ki, bu çox gözəl sərgidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişafda olması vacibdir. Buna görə də mən artıq deyə bilərəm ki, bu gün mədəniyyət bayramıdır, rəsm əsərlərinin dili ilə xalqların ünsiyyətidir. Rəssamlar sərgidə nümayiş olunan əsərlərində Gürcüstanla Azərbaycan arasındakı dostluğu böyük məharətlə, yaradıcılıqla təsvir ediblər. Düşünürəm ki, xalqların bir-birlərini tanıması və mədəniyyətlərinin yaxın, oxşar olduğunu göstərmək üçün belə sərgilərin keçirilməsi olduqca vacibdir. Səfir onu da qeyd edib ki, Azərbaycan hər zaman, ən çətin vaxtlarda belə Gürcüstanın yanında olub və bu dostluq gələcəkdə də davam edəcək. Azərbaycan və Gürcüstan qardaş ölkədir və bir-birlərini daim dəstəkləyəcək.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov səfiri fəxri fərmanla təltif edib, gürcü dostlar da bu təltifi özlərinin xalq mahnısı ilə alqışlayıblar. Tədbirdə səfir Zurab Pataradzeyə özünün və xanımının rəsmi olan portret əsər də hədiyyə olunub.

Keçidlər