Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illiyi qeyd olundu

20 dekabr 2019 | 11:00

Dekabrın 20-də Yasamal rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Rasim Nəbiyev, rayonun idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti,rayonun tam orta məktəblərinin direktorları, gənclər,KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Öncə Mərkəzin foyesində Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Mərkəzin Muzey bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyuldu.

Tədbir C.Naxçıvanski adına Hərbi Liseyin Orkestr heyətinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Mərkəzin açılışı 20 dekabr 2008-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşib. Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illik fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğu, müasir inkişaf istiqamətləri, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularla bağlı dəyirmi masalar, seminarlar, diskussiyalar və digər tədbirlər keçirilib.

Sonra Mərkəzin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illik yubileyi ilə bağlı Mərkəzin əməkdaşlarını təbrik etdi, yeni uğurlar arzuladı, bildirdi ki, Ulu Öndər Heydər Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə bağlıdır. Artıq 10 ildir ki, fəaliyyət göstərən Yasamal rayon Heydər Əliyev Mərkəzi bu illər ərzində dahi siyasətçinin irsinin təbliği sahəsində mühüm xidmətlər göstərib”. Nazir qeyd etdi ki, Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən informasiya portalı (heydaraliyev-centers.az) istifadəyə verilib. Heydər Əliyev Mərkəzlərində keçirilən tədbirlərin operativ şəkildə ictimaiyyətə təqdim edilməsində bu portalın əhəmiyyəti böyükdür.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında vurğuladı ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zəngin-ləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Bütün bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın Birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirdi ki, Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə bir çox seminarlar, elmi-praktik konfranslar keçirilir, bir sıra elm, mədəniyyət xadimlərinin yubiley tədbirləri təşkil olunur. Həmçinin AMEA-nın Fəlsəfə İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlıq edilir.

Çıxışlardan sonra Mərkəzin rəhbəri və əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olundular.

Mərkəzlə əməkdaşlığa görə isə ən fəal 10 müəssisənin rəhbərləri Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşəkkürnamə və fəxri fərçanlarla təltif olundular.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artisti Azər Zeynalovun ifasında Ulu Öndərin sevdiyi mahnılar səsləndirildi.

Keçidlər