Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı idman ictimaiyyəti nümayəndələri ilə görüş keçirdi

11 dekabr 2019 | 11:00

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 dekabr 2019-cu il tarixdə, Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti başçısının rayonun bir qrup idman ictimaiyyəti nümayəndələri ilə görüşü keçirildi. Görüşdə beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş rayon sakinlərindən olan bir qrup idmançı, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri və idmançıları iştirak etdilər.

Görüşü Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində atılan addımlar, ölkə rəhbərliyinin idmana olan tükənməz qayğısının bariz nümunəsidir.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov idmançılarla səmimi söhbət əsnasında vurğuladı ki, dünya miqyasında idman ölkəsi kimi tanınan doğma vətənimizin son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elşad Həsənov bildirdi ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran-pri yarışları bir daha ölkəmizin qüdrətini, idmanımızın inkişaf səviyyəsini göstərdi. Son illər rayonumuzda yaradılan “Abad məhəllə”lərin böyük əksəriyyətində idman meydançalarnın tikilərək rayon sakinlərinin istifadəsinə verilməsi rayonun yeniyetmə və gənclərinin idmanla mütəmadi məşğul olmasına əvəzsiz şərait yaradır.

Görüşdə Olimpiya Çempionu Zemfira Meftahətdinova, “Əməkdar İdman Ustası” Vüqar Namazov, “Əməkdar məşqçi”, kikboksinq üzrə 25 qat Dünya Çempionu Eduard Məmmədov, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Elxan Hacıyev çıxış edərək bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından söz açmış, idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduqlarını bildirərək, Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənova bu görüşü təşkil etdiyinə görə xüsusi minnətdarlıqlarını bildirdilər.

Tədbir Mərkəzin Muzey bölməsində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə fotoçəkilişi ilə yekunlaşdı.

Keçidlər