Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda ağacəkmə böyük coşğu ilə keçirildi

06 dekabr 2019 | 11:00

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun orta ixtisas və ali məktəblərinin tələbələri, Qarabağ müharibəsi veteranları, rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak etdilər.

Yasamal rayon ərazisində Kənar dairəvi yolda - Bakı şəhər DYP-nin qarşısında “Pullman” Otelinin yanında və DYP ilə maşın bazarının arasında, Həsən bəy Zərdabi küçəsində - “Qələbə” dairəsindən “20 Yanvar” metrostansiyasınadək, Mətbuat prospekti boyunca, Yeni Yasamal-2 ev 10-nun arxasında, məhəllə daxili həyətlərdə təmizlik işləri aparılaraq ağacəkmə kampaniyası böyük coşğu ilə həyata keçirildi.

2000 nəfərin iştirak etdiyi ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla, ümumilikdə 3700 müxtəlif növ ağaclar əkilmişdir.

Tədbirdə 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin mahnı və rəqs kollektivinin çıxışları insanlarda bayram əhval-ruhiyyəsi yaratdı. Gənclər və tələbələr ərazidə yallı gedərək havaya bayraq rəngli şarlar uçurdular.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Çıxış edənlər bu aksiyanın insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsasının qoyulacağından söz açdılar.

Aksiya çərçivəsində Yeni Yasamal yaşayış massivində genişmiqyaslı təmizlik-abadlıq işləri, ərazilərdə yeni ağacların, dekorativ kol və güllərin əkilməsi, əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işləri görülərək axşam saatlarınadək davam etdirildi.

Keçidlər